Tanınmış meyxanaçı Rəşad Dağlı qətl törətdikdən sonra polis bölməsinə gələrək cinayətini etiraf edib.
Milletinsesi.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib.
“Məlumata görə, onlar arasında daha əvvəl də ədavət olub”, – E.Hacıyev deyib.
Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, Rəşad Dağlının qətlə yetirdiyi şəxs, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyev tanınmış meyxanaçı Ələkbər Yasamallının yaxın qohumu – əmisi oğludur.
Onunla Rəşad Dağlı arasında bundan öncə də mübahisələr olub. Sonunu dəfə İ.Mehtiyev Rəşad Dağlının ünvanına təhqiramiz ifadələr işlədib. Meyxanaçı məsələyə aydınlıq gətirmək üçün Mehtiyevlə görüşmək qərarına gəlib.
Səhər saat 05 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş tutan görüş qətllə nəticələnib. Belə ki, ünvanına səsləndirilən söyüşləri qəbul etməyən Rəşad Dağlı Mehtiyevə çoxsaylı bıçaq zərbələri vuraraq, onu öldürüb.
İddialara görə, İ.Mehtiyev narkotik satışı ilə məşğul olub və uzun illər məhbəs həyatı yaşayıb. Rəşad Dağlı İ.Mehtiyevin gəncləri narkotiklə zəhərləməsinə dəfələrlə etirazını bildirib. Bu səbəbdən illər öncədən başlayan ədalət tərəflər arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxarıb.
Hər iki şəxs Bakının “Sovetski” adlanan ərazisində qonşuluqda yaşayıblar.
Qeyd edək ki, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.