Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Modern.az Report-a istinadən xəbər verir ki, bu barədə Qaradağ Rayon Məhkəməsində istintaq materiallarını elan edilərkən qeyd olunub.
Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə meyxanaçı özünü təqsirli bilib.
O deyib ki, hadisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub: “Özümü müdafiə etməyə çalışdım. Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram”.
Bu gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.