Ermənistan baş naziri Nikol Paşinyan vaxtilə niyə “Qarabağ Ermənistandır və nöqtə” deməyinin səsəbini açıqlayıb.
Modern.az xəbər verir ki, Nikol Paşinyan İctimai TV-yə müsahibəsində ona qarşı irəli sürülən ən böyük ittihama toxunub.
“Bunu niyə dedim? Mən ondan çıxış etdim ki, Ermənistan Respublikası Müstəqillik bəyannaməsini qəbul edib və bu, orada yazılıb. O, başqa məsələdir ki, sonradan məlum oldu ki, 2020-ci ildə hamı bunu unudub və Müstəqillik bəyannaməsinə əsaslanan bəyanat bütün əvvəlki hakimiyyətlər tərəfindən tənqid olunur”, – Paşinyan qeyd edib.
Baş nazir belə qənaətə gəlib ki, Ermənistanın yeni nəzəri bazaya ehtiyacı var, çünki bəyannamənin qəbulundan az sonra bu nəzəriyyəyə qarşı iş aparılır.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2019-cu ilin avqustunda işğal altındakı Xankəndi şəhərinə qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” sözlərini işlətmişdi. Ardından həmin ilin sentyabrında Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında da eyni sözləri təkrarlamışdı.