Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hacıqabul rayon sakini Kamal Kərimov saxlanılıb.
Həmin şəxsin üzərinə keçirilən baxış zamanı bir kibrit qutusunda qablaşdırılmış marixuana, idarə etdiyi avtomobildən isə 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı Hacıqabul rayon sakini Əli Alcanov da saxlanılıb. Həmin şəxsin üzərindən 7 qramdan artıq, idarə etdiyi nəqliyyat vasitəsindən isə 502 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Araşdırmalar davam etdirilir.