ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Türkiyəyə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Ev rəsmilərinə istinadən yazıb.
Bildirilir ki, Börns Rusiyanın Ukraynada nüvə silahından istifadəsinin nəticələri barədə xəbərdarlıq etmək üçün Rusiyanın xarici kəşfiyyat rəhbəri ilə danışıqlar aparmaq niyyətindədir.
Türkiyədə ABŞ-Rusiya görüşləri barədə ilk xəbəri Rusiyanın “Kommersant” qəzeti yayıb. Nəşr naməlum mənbəyə istinadən Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin danışıqlarda iştirak edəcəyini bildirib.
Ağ Ev nümayəndəsi qeyd edib ki, Börnsün Türkiyəyə səfəri barədə Ukrayna əvvəlcədən məlumatlandırılıb. O əlavə edib ki, Börns Ukraynadakı müharibənin həllini müzakirə etmir, ancaq Rusiyanın nüvə silahından istifadəsinin nəticələrinə dair mesaj verir. “Kommersant”ın xəbəri ilə bağlı sualı cavablandıran Kreml məlumatı nə təsdiq, nə də təkzib edə bilməyəcəyini bildirib.
Börns 2021-ci ildə prezident Co Baydenin göstərişi ilə Rusiya lideri Vladimir Putinlə görüşüb, Vaşinqtonun Ukrayna ətrafında rus qoşunlarının toplanması ilə bağlı narahatlığını dilə gətirib.
Akif İsmayılov