“Böyük Qayıdışa dair I Dövlət Proqramı unikal sənəddir”

“Böyük Qayıdışa dair I Dövlət Proqramı unikal sənəddir”

“Prezident İlham Əliyevin noyabrın 16-da təsdiq etdiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” müstəqil dövlətçiliyimiz və milli maraqlarımız baxımından unikal sənəddir”.

 

Bunu “Report”a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı sözügedən dövlət proqramının əhəmiyyətini şərh edərkən bildirib.

 

 

“Proqramın ilk baxışda altı strateji hədəfi var. Bura təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsi daxildir. Təbii ki, həmin prinsipləri əks etdirən proqram həssas və strateji mətləblərdən xəbər verir. Bu milli genofondun qorunmasını və fundamental inkişafımızı təsbit edir, ictimai-siyasi, iqtisadi-sosial, humanitar və mədəni sferada yeni dövrün başlandığına dəlalət edir.

 

Proqram müasir dövlətçilik tariximizin ən yeni mərhələsində ümummilli inkişafımızı göstərməklə, gələcək potensialımızın gücündən xəbər verir. Bu milli ideoloji cəhətdən birliyimiz və həmrəyliyimiz sayəsində qazanılmış Zəfərin təzahürü kimi qüdrətli dövlətə çevrildiyimizi bir daha təsdiq edir. Əslində, ədalətin bərqərar olunduğu bir zamanda və məkanda milli tərəqqimizi şərtləndirən sözügedən Proqram müasir infrastrukturu və tarixi məskunlaşmanı özündə ehtiva edir. Bu 30 ilə yaxın müddət ərzində ulu yurd yerlərindən, elindən-obasından didərgin düşmüş, ata-baba ocağı sönmüş vətəndaşlarımızın – azərbaycanlıların Qaf dağında öz külündən doğan “simurq – anqa quşunu” xatırladan – bir millətin, xalqın “yenidəndoğuluşunu – yaradılışını” göstərən əlamətdar bir hadisə kimi tarixin ən yeni mərhələsinə həkk olur. Uzun illərin nisgili və həsrətinin bitdiyi – ümid və inamı ifadə edir”, – deyə o qeyd edib.

 

Alim hesab edir ki, burada aparılacaq kompleks tədbirlər və yeni quruculuq işləri Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verəcək: “Buradakı, iqlimdən, yeraltı və yerüstü təbii sərvətlərdən, əkin sahələrindən, su ehtiyatlarından, termal mənbələrdən və s. üstünlüklərdən səmərəli istifadə ölkəmiz və region üçün yeni imkanlar açacaq. Bu, ekoturizm, tibb turizmi və etnoqrafik turizmin genişlənməsinə rəvac verəcək. Buraya yeni həyatın qayıdışı, dünyada ilk insan məskəni olan Azıx mağarasının yerləşdiyi tarixi ərazilərimizə sivil insanların qayıdışı – məcburi köçkünlərin yerləşməsi milli qürurla yanaşı, bəşəri təkamülə təkan verəcək.

 

Məhv edilmiş flora və faunanın bərpası prosesi Cənubi Qafqazın ekoloji təhlükəsizliyinə töhfə verəcək. Sülh müqaviləsi imzalanacağı – Zəngəzur dəhlizi açılacağı təqdirdə bu imkanlardan bütövlükdə dünyamız yararlanacaq. Bu, özlüyündə dünya azərbaycanlılarının illər boyu gözlədiyi bir imzadır. Daim həyat fəaliyyətlərində bu istiqamətdə atdıqları addımın məntiqi nəticəsidir”.

 

 

“Ümidvaram ki, xaricdə yaşayan azərbaycanlılar – Azərbaycan diasporunun təmsilçiləri bu proqramın təbliğinə və təşfiqinə qoşulacaq, habelə bu mexanizmin reallaşmasına dəstək verəcəklər. Düşünürəm ki, Azərbaycan diasporu burada öz maliyyə imkanları daxilində, bərpa işlərində yaxından iştirak edəcək, “Dünya azərbaycanlılarının muzeyi”nin tikintisi, “Diaspor məhəllə və parkları”nın salınmasında birlik və həmrəylik nümayiş etdirəcək, Azərbaycan Diasporuna Dəstək Fondunun aktiv təşkilatçılığı ilə bir sıra layihələr gerçəkləşdirəcək, xaricdə yaşayan yüksək ixtisaslı mütəxəssislərimiz buradakı müvafiq layihələrin icrasında könüllü prinsipi ilə hərəkət göstərəcək, tarixi abidələrin restavrasiyasından tutmuş, yeni memarlıq nümunələrinin yaranması, təhsil və elm, yaradıcılıq sahələrinə əmək sərf edəcəklər. Milli iftixar və qələbəmizin əksi olan bu proqram hər birimizin, soydaş və həmvətənimizin ümdə vəzifəsi kimi diqqətdə saxlanılacaq. Proqram çərçivəsində sivilizasiyamızı və mədəniyyətimizi göstərmək imkan əldə edəcəyik ki, bu da mənfur düşmən ilə bizim xalq arasındakı fərqi dünya ictimaiyyətinə göstərəcək. Kimin sivil, qurucu, kimin mənfur, dağıdıcı olduğu bir daha sübut ediləcək”.

 

Mənbə

Share: