
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 ili tamam olur. Hakim partiyanın yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Yeni Azərbaycan Partiyasının təsis edilməsi müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə – 1992-ci ilə təsadüf edib.
Hazırda 30 illiyini qeyd edən iqtidar partiyası təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da siyasətçilərin maraq dairəsindədir.
YAP-ın fəaliyyəti barədə Modern.az-a danışan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Yunus Kılıç bildirib ki, Prezident İlham Əliyevin sədri olduğu partiya Azərbaycan xalqının maraqlarını müdafiə edir və bu istiqamətdə uğurlu işlərə imza artır.
“Sovetlər Birliyi dağılandan sonra Azərbaycan azadlıq əldə etdi, amma təkcə azadlıqla bir ölkənin ayaqda dura bilmədiyini hər kəs yaxşı bilir. Ölkənin siyasi, iqtisadi, mədəni, demokratik idarə olunması üçün hakim qüvvə lazımdır. Azərbaycanda hakim partiya olan Yeni Azərbaycan Partiyası 30 ildir ki, məhz bu işlə məşğuldur. Mərhum Heydər Əliyevin miras qoyduğu ənənəni indi oğlu İlham Əliyev layiqincə yerinə yetirir. Yeni Azərbaycan Partiyasının fəaliyyətini yaxından izləyirik.
Mən özüm də Qarsın deputatı olaraq bölgəni yaxşı bilirəm. Üç-dörd aydan bir Azərbaycana gəlir, orada gedən inkişafı öz gözlərimlə görürəm. Eyni zamanda, Azərbaycanın Qarabağ Zəfərindən sonra dünyada ortaya qoyduğu güc hər şeydən xəbər verir. Biz qardaş Tükiyə olaraq, Azərbaycanın inkişafına sevinirik. Azərbaycanın dünyada güc sahibi ölkələrdən birinə çevrilməsində YAP-ın böyük rolu var və bu, getdikcə daha da güclənəcək. Biz Türkiyə olaraq hakim partiyanı dəstəkləyirik. Güclü Azərbaycan güclü Türkiyə deməkdir”.
Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix də YAP-ın fəaliyyətini yüksək qiymətləndirib.
“Yeni Azərbaycan Partiyasının gördüyü işlər göz önündədir. 30 il ərzində partiya Azərbaycanın inkişafı üçün çalışıb. Partiya ölkə vətəndaşlarına gündəlik qayğı göstərməkdən, onların rifah halını yaxşılaşdırmaqdan başqa beynəlxalq əlaqələrə də xidmət edib. Bu gün yüksək, strateji xarakter daşıyan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində partiyanın böyük rolu var. Ona görə də Rusiya olaraq YAP-a təşəkkür edirik. İlham Heydər oğluna uğurlu siyasi qələbələr, hakim partiyaya isə müdrik qərarlar və ümumi rifah arzulayıram”, – rusiyalı məşhur politoloq vurğulayıb.