“Çin əjdahası” Cənubi Qafqaza gəlməyə gecikir

Çin son 5 ildə xaricə birbaşa investisiyaların ümumi həcminə görə dünyada ilk üçlükdə möhkəm yer tutub. Çin Xalq Respublikasının Ticarət Nazirliyi, Dövlət Statistika İdarəsi və Valyuta Nəzarəti üzrə Dövlət İdarəsinin birgə hesabatına əsasən, 2021-ci ilin sonunda toplanmış investisiyaların həcmi 2,79 trilyon ABŞ dolları təşkil edib.

 

Ötən ildə Çinin xarici sərmayəsi, təxminən, 179 milyard ABŞ dolları təşkil edib. O, bu göstəricidə dünyanın ikinci dövlətidir.

 

Üstəlik, Çin 2013-cü ildən bəri “Bir kəmər, bir yol” təşəbbüsü boyunca yerləşən ölkələrə aktiv şəkildə sərmayə qoyur. Xatırladaq ki, dünyada logistik marşrutların inkişafının nəzərdə tutulduğu “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə Çin Sədri Si Cinpin tərəfindən irəli sürülüb. 2021-ci ildə bu təşəbbüs çərçivəsində ümumi sərmayə 24 milyard dolları keçərək, tarixi maksimuma çatıb.

 

Beləliklə, Çin yeni minillikdə iqtisadi ekspansiyasını davam etdirir və məişət təyinatlı məhsulların ixracatçısından fəal investora çevrilir.

 

Bu arada, Çinin investisiya siyasətində xüsusi yeri Afrika və Mərkəzi Asiya ölkələri tutur. “Səmavi dövlət” qonşu regiona artıq 40 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu investisiyanın yarısı Qazaxıstanın payına düşür. 2021-ci ilin sonuna olan məlumata görə, Mərkəzi Asiyada 7700 Çin şirkəti fəaliyyət göstərib. Eyni zamanda, Çin ilə Mərkəzi Asiya regionu arasında ticarət dövriyyəsinin həcmi son 20 ildə düz 25 dəfə artaraq 2020-ci ildə 38,6 milyard ABŞ dollarına çatıb.

 

Çin şirkətləri Afrikada da əhəmiyyətli aktivlik nümayiş etdirir. Müxtəlif hesablamalara görə, o, Afrika ölkələrinə 43 milyarddan 47 milyarda qədər sərmayə qoyub. Üstəlik, əsas investisiya axını məhz yeni minilliyə təsadüf edir: 20 il ərzində Afrika ölkələrinə investisiyalar düz 200 (!) dəfə artıb. Bir sözlə, “Çin əjdahası” dünyanı qızıl sikkələri ilə bürüyür.

 

Amma belə aqressiv iqtisadi ekspansiya fonunda Pekinin Cənubi Qafqaz regionunda fəallığını praktiki olaraq görmürük. Təbii ki, bazarlar və mağaza rəfləri Çin məhsulları ilə doludur, yollarda bu ölkənin istehsalı olan maşınlar getdikcə daha da çoxalır. Amma dəyişən geosiyasi vəziyyəti nəzərə alsaq, investisiya komponentinin heç bir halda regionun potensialına uyğun gəlmədiyini söyləyə bilərik. Ümumiyyətlə, Çinin Cənubi Qafqaz regionuna qoyduğu investisiyalar 1 milyard ABŞ dollarına belə çatmır.

 

Pekinin regiona ciddi diqqət yetirməməsini bir neçə amillə əlaqələndirmək olar. Əvvəla, Ermənistan-Azərbaycan münaqişəsinin 2020-ci ilə qədər nizamlanmaması regionun iqtisadiyyatına sərmayə yatırmağa maraq yaratmırdı. Həmçinin ənənəvi olaraq Rusiya siyasətinə qarşı çıxmamağa çalışan Çin, güman ki, Cənubi Qafqaz regionunda Moskva ilə açıq rəqabət aparmaq istəmirdi. Amma birinci amil artıq tarixə qovuşub: Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi uzun müddət davam etmiş münaqişəyə son qoyub. Üstəlik, bu, qlobal iqtisadiyyatın ehtiyatlı aktorlarına sərmayə qoymaq məsələsində yeni səhifə açıb. Buraya ənənəvi olaraq Çin də daxildir.

 

Digər tərəfdən, Azərbaycan və Gürcüstan son illərdə Avropaya məhsulların ixracı üçün nəqliyyat infrastrukturu yaradıb, Türkiyə ilə birlikdə yüklərin bu qitədəki ölkələrə çatdırılması üçün həm avtomobil, həm də dəmir yolu şəbəkəsi qurub. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi Rusiyanın cəlbedici investisiya məkanı baxımından gələcəyini sual altına qoyub. Belə ki, sanksiyalar və Qərblə pisləşən münasibətlər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Rusiya Federasiyasının tranzit marşrutu kimi perspektivlərinə son qoyub. Həmçinin, hazırkı mərhələdə İranın Çin məhsullarının çatdırılması marşrutlarından birinə çevrilməsi perspektivləri çox qeyri-müəyyəndir, çünki İranın indiki formada mövcudluğu belə sual altındadır.

 

Beləliklə, bu mürəkkəb, dolaşıq geosiyasi vəziyyətdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Orta Dəhliz Çin üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Regionda müxtəlif sənaye və texnoloji obyektlər şəbəkəsi yaratmaqla Çin həm Avropaya, həm də Yaxın Şərqə məhsul tədarükünü artıra bilər. Xoşbəxtlikdən, regionda, xüsusən də Azərbaycan və Gürcüstanda bununla bağlı bütün infrastruktur uzun zamandan bəri hazırdır.

 

Bu arada, regionun əhəmiyyətini Hindistan da anlayıb. Belə ki, Pekinin Asiya regionunda əsas rəqibi də Cənubi Qafqazda öz maraqlarını genişləndirməyə başlayıb və iqtisadi ekspansiya üçün Ermənistanı seçib. Üstəlik, Hindistan və Ermənistan silah tədarükünə dair əməkdaşlığa başlayıb. Amma bunun iqtisadi inkişafa necə töhfə verəcəyi ümumiyyətlə, aydın deyil. Digər tərəfdən, Ermənistan seçiminin nə dərəcədə uğurlu olmasına Dehli qərar verməlidir.

 

İstənilən halda Pekin regionla bağlı baxışlarını yenidən nəzərdən keçirməli və iqtisadi təsir rıçaqlarını gücləndirməlidir. Çinlə Azərbaycan arasında siyasi baxımdan qarşılıqlı əlaqələr kifayət qədər yüksək səviyyədədir. Azərbaycan hər zaman bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib, “Vahid Çin” konsepsiyasını müdafiə edib.

 

Beləliklə, Çin faktiki olaraq Xəzərin şərq sahilində aparıcı oyunçuya çevrilib. Bu siyasətin gələcək inkişafı üçün sadəcə dənizi keçmək kifayətdir. Amma Çin gecikməməlidir, çünki “yeməyənin payını yeyərlər”.

 

“Report” İnformasiya Agentliyi

Mənbə

Share: