Qurani- Kərimin məşhur müfəssirini aciz duruma düşürən YANLIŞLIQ

Gah bir hərf qüsuruyla edər “nadir”i “nar”,

Gah bir nöqtə süqutuyla “göz”ü “kor” eylər.

M. Füzuli


Hörmətli oxucuların mühakiməsinə təqdim edilən  yazının yazılmasına səbəb, bu il anadan olmasının 80 illiyi qeyd edilən görkəmli şərqşünas alimimiz, Şərq ədəbiyyatının məşhur bilicisi, klassik və müasir musiqimizə dərindən bələd olan mərhum akademik Vasim Məmmədəliyevin Youtube-dan izlədiyimiz maraqlı söhbəti oldu. Seyid Əzim Şirvani haqqında şövqlə, dərin sayğı ilə  bəhs edən Vasim müəllim məşhur əruz ustadı, Qurani-kərim müfəssiri rəhmətlik Əli Fəhmiyə istanədən bildirir ki, bir dəfə bir şəxs mərhum Əli Fəhmidən xahiş edib ki, S.Ə. Şirvaniyə aid bir rübaini onun üçün açıqlasın. Vasim müəllimin sözlərinə görə, ixtisasca həkim olsa da, klassik ədəbiyyatımızı və ərəb dilini yaxşı bilən  Əli Fəhmi təqdim olunan rübainin ikinci misrasını izah etməkdə çətinlik çəkib. Bu yazıda biz  Əli Fəhmi kimi dahini düşündürməyə vadar etmiş çətinliyin əsl səbəbini açmağa çalışacağıq.


Füzuli ədəbi məktəbinin layiqli nümayəndəsi, görkəmli maarifçi şairimiz Seyid Əzim Şirvaninin 1967-ci ildə Bakıda kitab halında nəşr olunmuş şeirlərinin bəzilərində tərtibçinin gözdən qaçırdığı qüsurlar 2005-ci ildə təkrar nəşrdə də təshih edilməmişdir. O qüsurlardan biri haqqında olan fikirlərimizi hörmətli oxucularla bölüşmək istəyirik.

 

Ey rədi qılan rübab eşqində kəbab,

Qanunə üsul ilə yetirdin mizrab.

Ta gül yüzə tar zülfüvi saz etdin,

Çəng oldu bu yüzdən neçə yüz xanəxərab.

 (Bax: S. Ə. Şirvani, I c., Bakı, 1967 (2005), s.341)  


Əruz vəzninin həzəc bəhrində ( həzəci-müsəmmən) olan bu rübainin ilk misrasındakı sözün yanlış oxunması rübaini tamamilə mənasız hala gətirmişdir. Həmin misradakı “Ey” nidasından sonra gələn söz “rəd” deyil, “Də’d” şəklindədir. Ərəb əlifbasında “rə’d” – رعد – və “Də’d”- دعد  – yazılış baxımından bir-birinə bənzədiyi üçün tərtibçi mexaniki olaraq onu “rə’d” şəklində oxumuşdur. Görünür, Qurani-kərimdə “Rə’d” adlı surənin  mövcudluğu ( on üçüncü surə)  və həmin surənin “وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِه – Və yusəbbihu’r rə’du bi həmdihi- Və göy gurultusu minnətdarlıqla Onu öyür”  sözləri ilə başlaması, hörmətli tərtibçinin diqqətini yayındırmış və o da S. Ə. Şirvaninin haqqında bəhs olunan rübaisinin ilk misrasını yanlış oxumuşdur:


“Ey rə’di qılan rübab eşqində kəbab”


Əslində isə, S. Ə. Şirvani “rə’d” yox, “Də’d” yazıb. Məsələ burasındadır ki,  Şərq ədəbiyyatında “Də’d və Rübab”- دعد و رباب  – geniş yayılmış məhəbbət dastanı vardır. Ərəb şairi İbn Nədimin məsnəvisində Də’d və Rübab iki gözəl cariyənin adı olsa da, Əmir Muizzinin, Fələki Şirvaninin, Nasir Xosrovun və Əfzələddin Xaqaninin təqdimatlarında Də’d gənc bir  oğlan, Rübab isə gözəl bir xanımdır. Ənvəri və Xaqaninin əsərlərini şərh etmiş Məhəmməd bin Davud Şadiabadinin mülahizəsinə görə, Də’d şahzadə oğlan, Rübab isə kəniz bir qız imiş. 


Müxtəlif  dövrlərdə yaşamış ədiblərin əsərlərində Də’d və Rübabın eşqini tərənnüm edən qeydlərə təasdüf olunur. Məsələn, Əfzələddin Xaqani bir qəsidəsində belə yazmışdır:

 

“Dünyagörmüşdən məsum ürəklinin halını soruşma, ağlamağı burax; Də’d ilə Rübabın nağılını oxuma”—

از دل عالم مپرس حالت صبح دلش بركرعنين مخوان قصه دعد و رباب “ (Bax: خاقانی،چاپ اول، تهران، ١٣٣٨، ص.٤١ )


Fələki Şirvani  də bir şeirində  öz eşqini Də’din  Rübaba olan sevgisinə oxşatmışdır: “Rübabın üzüntüsündən ağlayan Də’d kimi, mən hər an  boş yerə onun sevgisi üzündən köksümdən nalələr çıxarıram”—

هر لحظه خيره خيره، برآرم زعشق او از سينه ناله ناله، چو دعد از غم رباب ( Bax: ١٣٢٢، ص.٢٢ فلكي شرواني ،كلیات دیوان،تهران، ١٣٤٥   )


Məlikşah Səlcuqinin və Sultan Səncərin saray şairi olmuş Əmir Muizzini bir beytində Də’d ilə Rübabın bir-birinə olan dillərədastan sevgisini Orta əsrlərdə yayğın olan başqa bir məhəbbət dastanının qəhrəmanları  “Urva və Əfra”ya bənzətmişdir:


“Dəruni sevgidən söz düşəndə hər zaman Urva və Əfradan, Də’d ilə Rübabdan danışırlar”— هميشه تا كه به عشق اندرون خبر گويد زحال عروه و عفرا و حال دعد و رباب

( Bax: معزی، كلیات دیوان، تهران، ١٣٤٥، ص.٤١  )


XIII əsrə aid olan məşhur “Mərzbannamə” əsərində də Də’d və Rübabın əfsanəvi eşqindən söz edilmişdir:


“Bir mütribin qonşusu vardı, onun ifa etdiyi çəngin ahəngini qısqanan Zöhrə ulduzu Rübabın  ayrılığından inləyən Də’d kimi tutqundu”—

خنیاگری همسایه ای داشت که زهره سعد از رشک چنگ او چون زهره دعد در فراق رباب بجوش آمد


Nümunələrdən də göründüyü kimi, Şərq ədəbiyyatını mükəmməl bilən S.  Ə. Şirvani rübaisində təlmih adlanan bədii ifadə vasitəsi ilə  öz oxucularına bir zamanlar dillər əzbəri olmuş eşq dastanını, o dastanın qəhrəmanlarını xatırlatmışdır. Başqa sözlə, haqqında bəhs olunan rübaidə şair,  musiqi aləti rübabla məsnəvi qəhrəmanı Rübabı eyni anda nəzərdə canlandırmışdır. Yəni, S.Ə. Şirvani öz rübaisində tövriyyə adlanan üsulu uğurla tətbiq  edərək söz sənəti yaratmışdır.


Vurğunu olduğu gözəl qız Rübabın həsrəti  sevgilisi  Də’din bağrını  yandırdığı kimi, sazəndənin də rübabı dilləndirməsi dinləyənləri, musiqini idrak edənləri  eyni qaydada mütəəssir edir. Belə nəticəyə gəlmək olar ki,  məşhur söz xiridarı mərhum Əli Fəhmini düşündürməyə məcbur edən  əsl səbəb kitabdakı şeirin yanlış şəkildə yazılması olub. S. Ə. Şirvaninin haqqında bəhs etdiyimiz rübaisinin ikinci misrası “Ey Rə’di qılan Rübab eşqində kəbab” şəklində yazılmalıdır.


Bəlkə də, bu yazılanlar siyasiləşən həyatımızda bəzilərinə çox önəmsiz görünə bilər. Lakin bizcə, klassik irsimizi doğru şəkildə öyrənib gələcək nəsillərə qüsursuz şəkildə çatdırmaq  olduqca faydalı işdir və bizim hamımızın vətəndaşlıq borcumuzdur.



Ramazan Siracoğlu

Mənbə

Share: