Növbəti narkotik əməliyyatı – 42 nəfər saxlanıldı

Polisə paytaxt istiqamətində hərəkətdə olan “VAZ 2108” markalı avtomobildə külli miqdarda narkotik maddəllərin daşındığı barədə əməliyyat məlumatı daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Məlumat Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxlanılıb və avtomobilin hərəkət trayektoriyası müəyyən edilib.

 

Qaradağ rayonu ərazisində həmin nəqliyyat vasitəsi xüsusi əməliyyat nəticəsində saxlanılıb. Sürücü Rüfət Xaliqov və sərnişin Elvin Zeynalovdan 10 kiloqram heroin, marixuana, elektron tərəzilər, 420 ədəd ekstazi və metadon həbləri aşkar edilib.

 

Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində Sumqayıt şəhəri və Yevlax rayonunda eyni anda keçirilən əməliyyatlar zamanı isə Tural Hüseynov və Saday Səttarovun da tutulması təmin edilir. Bu şəxslərdən isə ümumilikdə 23 kiloqram müxtəlif xassəli narkotik və həblər aşkar olunub.

 

Polisin bu əməliyyatları nəticəsində yüzlərlə gəncin narkotik maddələrə əlçatanlığının qarşısı alınır və cəmiyyətdə “ağ ölüm”ü yaymağa çalışan daha 4 narkotik vasitələrin satışını həyata keçirən şəxs məsuliyyətə cəlb edilib.


Qeyd edək ki, bu kimi tədbirlər polislər tərəfindən demək olar ki, hər gün keçirilir. Təkcə son bir ayda Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölglərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı və qanunsuz dövriyyəsini həyata keçirən 42 şəxs tutulub. Onlardan ümumilikdə 49 kiloqram heroin, metamfetamin, tiryək, kristal narkotik vasitə sayılan kokain, həmçinin 1000 ədəd psixotrop tərkibli ekstazi və metadon  həbləri aşkar edilib.


Aparılan zəruri istintaq və əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olduqları sübuta yetirilib.


Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə

Share: