Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə “AzstateNet” dövlət şəbəkəsində 3-cü rüb ərzində 81 milyon zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsi ilə, 873 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə bloklanıb, 83 min virus tərkibli sənəd isə xüsusi “Sandbox” Fayl Analizi mühafizə sistemləri vasitəsi ilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.
Modern.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə qurumun cari ilin III rübü ilə bağlı yaydığı hesabatda bildirilib.
Hesabat dövründə qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 778 kiberhücum indikatoru (IOC) müəyyən edilib və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb:
“Bu kibertəhdidlərin 443-ü daxili araşdırma, 335-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub. Hesabat dövründə kiber-kəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 40 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısının alınması ilə xakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınıb və kiberhücum cəhdləri qabaqlanıb”.