Kəlbəcərin döyüşsüz qaytarılması hərbi-diplomatik qələbədir

“Kəlbəcərin azadlığa qovuşmasından iki il ötür. Bu gün daha tarixi bir günü yaşayırıq! Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq bizimdir. Bu gün Kəlbəcər də qələbənin qızılı rənglərinə boyanıb bayram edir! Bu münasibətlə bütün kəlbəcərliləri, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik!”.

Bunu Modern.az-a Kəlbəcər rayonunun erməni işğalından azad olunması haqda danışan deputat Ceyhun Məmmədov deyib.

C.Məmmədovun sözlərinə görə, strateji əhəmiyyətli Kəlbəcər rayonunun döyüş aparılmadan geri qaytarılması Azərbaycan Prezidentinin diplomatik qələbəsidir.

“Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir.

Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası,şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd var.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var.

Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da  yerləşir.  

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən Kəlbəcər geri qaytarıldı.

           

Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi”, – C.Məmmədov deyib.


Deputat xatırladıb ki, Kəlbəcər işğaldan azad edildikdən sonra Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, yeni “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışları, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və digər bərpa işləri görülməkdədir.


“Qısa müddət ərzində lazım olan bütün bərpa işləri aparılacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər də yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacaq. Tezliklə Kəlbəcər əhalisi yenidən o gözəl torpaqlarda qurub-yaratmağa başlayacaqlar”.

 

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalanıb.

Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün əlavə vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. 

Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Mənbə

Share: