Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58,8 faiz abonent qaz sərfiyyatında 1200 kubmetrlik limiti keçməyib.
Modern.az xəbər verir ki, bu sözləri “Azəriqaz”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.
“Bu da 1 milyon 441 min abonent deməkdir. Göstərici kifayət qədər normal rəqəmdir və ötən ilin eyni dövrü ilə müqayisədə xeyli miqdarda fərq var”, – deyə E.Vəliyev vurğulayıb.
Şöbə rəisi qeyd edib ki, bu nəticəyə “Azəriqaz”ın qaz kəmərlərinin, xətlərinin yenilənməsi və dəyişməsi, həmçinin qaz sızmalarının qarşısının alınması ilə bağlı gördüyü işlər də daxildir: “Azəriqaz” əhaliyə normal təzyiqli qazın verilişini təmin edir ki, bu da hər hansı itkilərin qarşısının alınmasına səbəb olan amillərdən biridir”.