Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son toplantısından sonra etiraf etməliyik ki, həm Qərb, həm də Şərq istiqamətlərində diplomatik məğlubiyyətə uğradıq.
Modern.az xəbər verir ki, bunu noyabrın 26-da “Sülhün” razılaşması: konstitusiya məsələsi və beynəlxalq siyasi-hüquqi nəticələr” adlı konfransda siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
“Bizim keçmiş müttəfiqimiz artıq Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini belə müdafiə etmək istəmir. Bəzi qonşularımızı tənqid etməklə, biz özümüzü Şərqdə məğlubiyyətə apardıq. Qərbdə isə özümüz üçün heç bir alternativ yarada bilmədik. Əslində biz iki kreslo arasında qaldıq və xarici siyasətimizi iflasa uğratdıq”, – Xaçikyan bildirib.
Sülh müqaviləsinin imzalanması, türklər və azərbaycanlılarla dinc yaşamağın mümkünlüyünə gəlincə, siyasi ekspert xatırladıb ki, beynəlxalq aləmdə maraqlar dəyişdikdə sülh müqavilələrinin necə pozulduğuna dair onlarla nümunə var.
“Əlamətlər var ki, bizim rəhbərliyimiz məsələlərin sənədlərlə həll olunmadığını anlamağa başlayıb. Lakin bu qədər səhvlərdən sonra bizim öz maraqlarımızı necə təmin edə biləcəyimizi təsəvvür etmək çətindir. Rəqibimizin “Zəngəzur dəhlizi” – Sünik haqqında necə aqressiv danışdığını da görürük”, – deyə politoloq fikrini yekunlaşdırıb.