“Belə çağırışlar etməklə biz Azərbaycana qarşı təxribatlara şərait yarada bilərik…”
“Rusiyanın rəsmən “sülhməramlı” sayılan qüvvələrinin torpaqlarımızda varlığı məsələsinə praktik baxımdan yanaşmalıyıq. Yoxsa populist çıxışlar etmək, hay-küy qaldırmaq, “sülhməramlı”lara torpaqlarımızdan çıxıb getmək çağırışı etməklə biz Azərbaycana qarşı təxribatlara şərait yarada bilərik”
Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov ifadə edib.
“Yəni bir sıra şərhçilərin də dediyi kimi, Putin rejimi Azərbaycana qarşı “Cənubi Osetiya” variantından istifadə edə bilər?” sualını politoloq belə cavablandırıb:
“Bəli. Özü də düşmənlərimiz yalnız “Cənubi Osetiya” yox, “Sumqayıt” variantından da istifadə edə bilərlər. Yəni 1988-ci ildə Sumqayıt hadisələrində olduğu kimi, ermənilərin özləri-özlərini öldürüb Azərbaycan ordusunun üzərinə atması da mümkündür… Bu, ermənilərin daim yararlandığı iyrənc bir metoddur. İndi biz düşmənlərimizə sərf edən yolla gedək, yoxsa daha rasional, praktik bir yolla?.. Hesab edirəm ki, öncə qeyd etdiyim praktik yol bizim məqsədlərə çatmağımıza xidmət edən ən əlverişli bir yoldur… Hər halda taktiki baxımdan biz radikal yanaşmanı dəyişməliyik”
“Rusiya hərbçilərinə də xoşluqla demək olar ki, biz sizi qovmuruq ki… Biz deyirik ki, qalın, amma öz sülhməramlı funksiyalarınızı və 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələləri icra edin və bizə Laçın yolunda sərhədimizə nəzarət etməyə şərait yaradın – əks halda sizin ərazimizdən çıxmağınızı tələb edəcəyik. Əsas tezislər bunlardan ibarət olmalıdır” -deyə siyasi şərhçi bildirib.
“Rusiya Müdafiə Nazirliyinin və “sülhməramlı” kontingentin Qarabağ və Şərqi Zəngəzurun bir hissəsində Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı saymazyana davranışlarını əsas götürüb demək olarmı ki, həmin ərazi faktiki olaraq Rusiyanın işğalı altındadır?” sualına cavab olaraq isə həmsöhbətimiz bunları söyləyib:
“Xeyr. Mən bununla heç vaxt razı olmamışam. Biz bunu işğal faktı kimi tanımırıq. Eləcə də Rusiya bunu bəyan etmir… Və yenə də deyirəm, biz daha çox praktiki məsələlərə meydan verməliyik… Bəzən deyirlər ki, yox, Rusiya kontingenti Qarabağda biz dediklərimiz şərtlərlə razılaşmaz. Düzdü, Ukrayna müharibəsindən əvvəlki şəraitdə razılaşmazdılar. Ancaq hazırkı şəraitdə razılaşarlar. Ən azı ona görə ki, Qarabağda, Laçın “dəhlizi”ndə xidmət edən Rusiya komandirləri, zabitləri də yaxşı başa düşürlər ki, onları buradan çıxarsalar, göndərəcəklər Ukraynaya- Donbasa, ən qaynar nöqtələrə…
Deyirik ki, Laçın “dəhlizi”ni öz nəzarətimizdə saxlamaq lazımdır. Bunun iki yolu var, – açıq danışaq,- ya xoşluqla, ya hərbi güc hesabına Rusiya hərbçilərini oradan qovmaq, ya da onları bizim şərtləri, yəni sərhəd məntəqələrimizdə lazımi sərhəd, gömrük və s. postlarını qurmağa razılaşdırmaq… Amma, təəssüf ki, Azərbaycanda bəziləri ya siyasətdən uzaq olub vətəni, sadəcə, emosiyalarla sevməklə, ya da “məşhurlaşıb” gündəmdə qalmaq üçün haray salırlar ki, yox, gəlin Rusiya “sülhməramlı”larını Qarabağdan birdəfəlik qovaq, rədd olub getsinlər və s. Bu saat mən də belə fikir söyləsəm, bir çoxları deyəcək ki, afərin, vətənpərvərdir… Amma ondan sonra, yəni Rusiya hərbi kontingentinin Qarabağdan çıxmasını rəsmən və qəti şəkildə tələb edəndən sonra nə baş verəcəyini də gəlin fikirləşək… Təkrar edirəm ki, söz deyişməsindən açıq qarşıdurmaya keçmək vaxtı deyil, praktik, rasional addımlarla real iş görmək gərəkdir” -deyə keçmiş xarici işlər naziri vurğulayıb.
Sultan Laçın