“Azərbaycan ərazisində aşkar edilmiş minaların və partlayış təhlükəli əşyaların əksəriyyətinin istehsalçısı Ermənistana məxsus, 1991-ci ildə yaradılmış “Ayk-Meq” MMC-dir”.
Bu, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.
Qeyd edilib ki, Ermənistanın hərbi sənayesi sahəsində mühüm rol oynayan bu şirkət paytaxt İrəvanda yerləşir. Şirkətin istehsal etdiyi PMN-E, PMN-2, POMZ-2, OZM-72, MON-50 və PFM-1 tipli piyadalar əleyhinə minalar 2016–cı ildə Ermənistanda keçirilmiş ArmHiTec2016 müdafiə sənayesi sərgisində nümayiş etdirilib.