Onunla söhbətimiz yumoristik üslubda alındı, suallar da, cavablar da zarafatla deyilən ciddiyyət idi.
Müsahibimiz Əməkdar artist Dilarə Əliyevadır.
– Dilarə xanım Benjamin Barton kimi ildən-ilə gəncləşirsiz…
– Üzərimdə işləyirəm. İndi durub deyəcəm ürəyimin gözəlliyi üzümə vurur və daha nələr nələr, adama deyərlər əşi get… (gülür). Ancaq işimlə məşğulam, bir az yeməyimə fikir verirəm. Ən geci saat 11-də yatıram. Həm tezdən dururam, həm beynim yorulur, bütün günü yazıram, pozuram, əzbərləyirəm. Ona görə yuxu rejimi vacibdir. Yaradıcı insanlarda səbəbsiz gərginlik var. Beynim daim məşğul olur. Hətta əlimdə iş olmasa belə, beynimdə nəsə var. Bəzən düz olmayan anda kimsə nəsə deyir, dönüb baxıram, amma heç nə görmürəm. Yaradıcı adamlarda doğmağa hazırlaşan qadınların kürlüyü olur, səbəbsiz kürlük, aqressiya. Doğuş sancısı kimi gəlir yaradıcılıq. Ona görə, ətrafımız düzgün olmalıdır ki, ovqatımızı tuta bilsinlər. Bu da asan deyil.
– Üstəlik işinin adı güldürmək olan adamlara daha çətin olar yəqin. Proqramdan, səhnəyə çıxmazdan öncə nəyəsə kədərlənmisiz, əsəbləşmisiz, amma gülüb güldürməlisiz. Belə hallar olur?
– Ola bilər nədir? Hər dəfə olur. Biz nə qədər komediya filmi çəkmişik, hamısını ağlaya-ağlaya çəkmişik (gülür). Mənim problemimin tamaşaçıya dəxli yoxdur. Komediya janrı hədsiz ciddilik tələb edir ki, səni ciddi qəbul eləsinlər, yuxarıdan aşağı baxmasınlar. İllər boyu çalışa-çalışa bir yerə gəlib çatmışam, bunu qoruyub saxlamaq da lazımdır. Səhnəyə çıxınca hər şey pərdə arxasında qalır, bu illərin gətirdiyi təcrübə ilə olur.
– Məncə gözəl yumor intellektual adamların işidir. Sizcə zarafat nədir? Tərifini necə verərdiniz?
– Çox doğru dediniz. Zəka etibarilə daha dərin insanlar intellektual zarafat etməyi bacarırlar. Zarafatı yerində deməlisən. Yerində deyilməyən zarafat davaya, incikliyə səbəb ola bilər. Zarafat da pərdəlidir. Zarafatı götürmək söz götürmək deyil, bu anlayışdır, zarafata gülmək qeyri-ciddi olmaq deyil, bu bir davranışdır. Elə adam var gülə bilmir. Lətifəni ona tərcümə ilə danışmalısan. İşi zarafat olanın bəzən özü zarafatcıl olmaya bilir. Zarafatla borc ödəyən, ailə dolandıranlar var amma onların kiməsə zarafat borcu yoxdur. Riyakarlıq və kobudluq etməmək şərti ilə xoşuma gəlməyən şeyləri ehmalca, sarı simlə, zarafatla çatdıra bilirəm. Əsas odur ki, həddini biləsən, harada dayanmaq lazımdır, onu biləsən. Bu əsas şərtdir.
– Sizə zarafatla tikanlı söz deyiləndə inciyirsiz?
– Çalışıram o həddə gətirməyim. Zarafatın həddi var. Hər kəslə icazə verdiyi qədər söhbət edirəm. Ölçü hissim var. Ola bilər vaxtında ölçünü qaçırmışam, amma öz səhvlərimdən öyrənmişəm. Zarafat xoşuma gəlməyəndə gülə-gülə yola verirəm. Gücüm özümə çatır. Mənə qarşı xətaya yol veriləndə günahı özümdə axtarıram. Deyirəm, niyə buna yol verdim?
– Hamıyla yola gedirsiz? Deyirlər kaprizli xanımsınız…
– Kaprizli yox, məsuliyyətliyəm. İşlədiyim ortamda maksimum komfort yaradıram. Dediyimi edə bilmirlərsə, özüm eləməyə çalışıram. Bir maraqlı söz var. Hər tanış adam olduğun adamı özün kimi bilirsən, sonra görürsən ki, yox bu yaxşı adam imiş (gülür). Mən həyata çəhrayı eynəklə baxıram. Deyirlər nikbinlik informasiya azlığından irəli gəlir, buna görə çox bilməyi tərcih eləmirəm ( gülür). Fəlsəfi mübahisələrdə uduzmağı sevirəm, çünki çox şey öyrənmiş oluram. Həyatımdakı xoş-naxoş hər şey təcrübədir. Tanrı insanı bundan sonra baş verəcək hadisələrə hazırlayır peyvənd vurur, kodlaşdırır, immunitet yaradır.
– Deməli başımıza nəsə pis iş gəlibsə, hələ bundan da betəri olacaq?
– Bəli, pis gün qurtardı, qaldı lap pis günlər. Zarafat edirəm. Zaman su kimi axıb gedir, ilişib qalmamalısan. Hər şeyin bir dərmanı var, o zamandır. Zamanı ala bilməzsən, tutub saxlaya bilməzsən. Gedəndə də özüylə çox şey aparır. Yaraların izi qalsa da, daha qanamır.
– Başqalarının yumor proqramlarından faydalanırsınız?
– Yox. Sadəcə insanları müşahidə edirəm. İnanılmaz dərəcədə müşahidəçiyəm. Hətta yerişinə əsasən, insanın xarakterini də deyə bilərəm. Adam var onu barmağı çəkib aparır, adam var burnu. Adam var özü-özünə yükdür. İnsanların yerişlərini təkrarlamaq qabiliyyətim əlahiddədir. Yerişləri təqlid eləyirəm.
– Dilarə xanım, yaman baldız obrazları sanki üstünüzə biçilib. Harda öyrənmisiz bu baldızlığı? Obrazlarınızda siz Dilarənin xarakterindən nə qədər var?
– Açığı canımda da az deyil. Hər obrazımda Dilarədən nəsə var. Hərdən deyirəm ki, yaxşı ki, aktrisa olmuşam. İnanın, hərdən səsimi başıma atıb aləmi qatıb-qarışdırmaq, qarşımdakına dişimin dibindən çıxanı demək istəyirəm. Yığılır qalır içimdə. Mədəniyyətim yol vermir. Allahdan elə bir rol verirlər, kirimi, tozumu hirsimi, hikkəmi çırpıb çıxıram. Əsas odur içimdən çıxarıram.
– Bu xasiyyətlə kim kimə dözür? Siz Oqtaya, ya Oqtay sizə? İki qoçun başı bir qazanda necə qaynayır?
– Səhnədə olan aktrisanın həyat yoldaşı anlayışlı olmalıdır. Oqtay mənim cek-potumdur. O mənim gərginliyimi anlayır. Qıraqdan belə görünür çəkildin getdin. Amma o çəkilişə qədər mən və ətrafım nələr çəkir, kimsə bilmir. Mütaliə eləməsəm, informasiya almasam, yenilənməsəm, üzərimdə işləməsəm, olmaz. Bütün dünya eyni şeyə kədərlənə bilər amma eyni şeyə gülə bilməz. Zarafatın modası da ildən ilə dəyişir. Evdə özünü güclü göstərməyi sevmirəm. Qışqırmaq, güclü görüntüsü altında gizlənmək zəiflərin işidir. İntellekti olan adamlar qışqır-bağır eləmirlər. Evdə xarakter göstərmirəm. İnsan sahib olduqlarından vaz keçə bilər, aid olduqlarından heç vaxt. Aid olduğum yerdə kimsəni incitmərəm, xoş şərait yaradıram ki, mənsiz darıxsınlar. Bilsinlər ki, mənsiz olmaz. Nə olur olsun, orda Dilarə olsun desinlər.
– Bütün günü ora-bura qaçırsız, qaynayırsız. Bu qaynayan xanımın evdə özü qazan qaynadır?
– Mənim bir vaxtlarım olub, indi beş dəqiqə vaxtım yoxdur (gülür) Yox, qazan qaynatmağa vaxtım yoxdur. Köməkçim var. Gərək ya o işi görəm, ya da bu işi.
– Bir müsahibənizdə demişdiniz ki, Oqtay Əliyevi yuxuda görüb, sonra tanış olmusunuz. Belə çıxır ki, o Cek Pot deyil, sizə buta verilib…
– Möcüzə kimi görünsə də, bu həqiqətdir. Nişan konfetini dişlədim, yatdım, yuxuda onu gördüm. Bir müddət sonra universitetdə qarşıma çıxdı. 18 yaşımda ailə qurdum. Əslində həyat elə başdan – başa möcüzədir. Bəzən xoşbəxtliyi uzaqlarda axtarırıq, amma düşünmürük ki, nəfəs almağımız, danışmağımız elə özü xoşbəxtlikdir. Bir düşünün, birdən bunları edə bilməsək nə hiss edərdik?
– Bugünkü Dilarə olmanızda onun rolu nə qədərdir. Sizi Oqtay Əliyev ucaldıb?
– Onun varlığı mənə meydan verib. Amma istedadı Oqtay verə bilməzdi. Meydanı Oqtay yaradıb, meydanda duruş gətirmək mənim işim oldu. 25 ildir tamaşaçını yormuramsa, mənə baxırlarsa, bu gərgin əməyin bəhrəsidir. 25 ildə bir dəfə ssenarisiz efirə çıxmamışam. İndi çağırsalar çıxıb hansısa bir proqramı apararam, amma etmirəm. Özümə də, tamaşaçıya da hörmət qoyuram.
– Ssenarinizi kim yazır?
– Fariz Əliyevlə birlikdə düzüb-qoşuruq. İmprovizələr də olur. Zarafat eləməyi bacarmaq adi şey deyil, bu ruhda, qanda, anadangəlmə olur. Dünya kinosuna baxsanız, barmaqla sayılacaq qədər komediya ustası var. Qadınlar ümumiyyətlə azdır.
– Üstəlik gözəl görünüşlü xanım komediya ustaları daha azdır. Məsələn türkiyəli Adilə Naşit öz tipajı, görkəmi ilə də güldürürdü…
– Çox gözəl vurğuladınız. Komediya ustaları çox zaman tipajları ilə uğur qazanırlar. Bu onların avantajıdır. Ağzını açmasa da, güldürürlər. Bir də var, intellektinlə, söz hesabına gülüş yaradasan. Mənim xarici görünüşümdə güldürəcək heç nə yoxdur. Burda səs, nəfəs, duyum rol oynayır. Zarafatı çürütməməlisən, dadı-duzu qaçmamalıdır. Tipaj deyilsənsə, dizini yerə qoyursan.
– Sizi toylara, şənliklərə dəvət edirlər?
– Edirlər getmirəm. Mənlik deyil, danışıramsa gərək dinləyələr, mən danışacam, kimsə rəqs edəcək. Kimsə yemək yeyəcək, götürmərəm bunu. Hansısa məclisə qonaq gedirəm, məcbur edirlər ki, bir az danış gülək. Anlamırlar ki, bu ruh halıyla olur. Deyirəm, iş vaxtım bitib. Bəzi məclislərdə ağzımı bıçaq açmır. Arxayın olmadığım ortamda açıla bilmirəm. Ona görə ətrafım məhduddur. Çünki öz xarakterimi bilirəm.
– “Məhəllə”də Lenini yaman dil deyib ağlamışdınız. Ağlaşma qurmağı haradan öyrəndiniz?
– İlk dəfə idi ağlaşma qururdum. İnanın o səhnə 10 dubla çəkilib. Gülə-gülə ağladıq Leninə. “Məhəllə” tipli kommersiya filmləri böyük mənada bədii film deyil. Bunlar insanlara xoş ovqat vermək üçün görülmüş işlərdir. Mən bədii həlli daha yüksək olan peşəkar filmlər görmək istərdim. Biz indi şapalaqla üz qızardırıq, biri evini, biri maşınını satır, film çəkir. Batan filmlər də olub, bu kinoteatrların filmlərə şərait yaratmamasından irəli gəlir. Film çəkirsən, biri götürür, biri götürmür. Biri yalnız xarici filmlərə şərait yaradır. Hesab edirəm ki, bizə öz səhvlərimiz göstərən, öz filmlərimiz lazımdır. Kinoteatrlar özəl filmləri ürəyindən vururlar.
– Nə problem yaradırlar?
– ”Park sinema”nın götürdüyü filmi “Sinema plus” götürmür. Cəmi 7 kinoteatr var. Bu qədər xərc çəkirsən, 2 kinoteatrda verilir, o da naz edir. Əlbəttə kassa toplaya bilməyəcəksən. Bu yandan da bədii filmlər çəkilmir. Aktyorlar qocalır, oynaya biləcəyi rollar üçün yaşı, zamanı keçir. Bu gün baş qəhrəman oynayası gənclər, 10 il sonra xala, dayı rolunda oynamalı olur. Bədii film çəkilişi sahəsində axsayırıq. Qoy zəif olsun, beşindən üçü işə yaramasın, amma olsun, zamanla öyrənəcəyik.
– Axı bir kino tariximiz var…
– O dövr bitib. Durğunluq yaşanır.
– Yeni hansı filmdə çəkilmisiniz?
– Dekabrın 29 da “Park sinema”da filmimiz olacaq. Hələ indiyə qədər kino tariximizdə belə bir film olmayıb. Fariz Əliyevin kamera, dram janrında filmidir. Dünyanın 18 ölkəsində çəkilib. Azərbaycan variantıdır. Kino aləmimizi lərzəyə gətirəcəyinə inanıram. Motiv belədir. Bir oyun oynayırıq. Hamının yanında telefonunuza gələn bütün mesajları oxumalı, hamıya cavab verməliyik. Saat yarımlıq film izləyicini bir an belə gərginlikdən buraxmayacaq. Hadisə hadisəni qovur. Bu filmi çəkərkən hamımız bir evdə yaşadıq ki, atmosferi hiss edək. Film 7 aktyorun oyunu üzərində qurulub. Filmin ötürmək istədiyi mesaj budur ki, bir insandan demək istəmədiyi mətləbi almağa dəyməz. Biz hamımız hər həqiqəti eşitməyə hazır deyilik.
– Eyni evdə yaşayarkən, bir-birinizin yanında telefonları aça bildiniz?
– Biz elə öz telefonlarımıza oynadıq. Filmdə baş verənləri təkrarlamağa çalışmayın, təhlükəlidir (gülür). Filmdə ən sonda məlum olur ki, biz bu oyunu oynamasaydıq, hamımız mələk kimi adamlar idik.
– Komediya janrında tanınan aktrisalardan kimi bəyənirsiniz?
– Sandra Baloku çox bəyənirəm, onun obrazlarında özümü təsəvvür edirəm. Türkiyəli aktrisa Ezgi Molanı sevirəm. Oyun tərzi möhtəşəmdir. Fərqli planlara oynayır. Bunu bacaran aktrisa asdır. Bizimkilərdən başda kraliçamız Afaq Bəşirqızını, Xəyalə Quliyeva, Tünzalə Əliyeva, Xuraman Əlizadə, Ülviyyə Əliyeva, Zarina Qurbanovanı qeyd edərdim.(lent.az)