Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına hər zaman xüsusi diqqət ayıran “Nar”ın dəstəyi ilə keçirilən “Təlim Məktəbi” layihəsinin ikinci mərhələsi başa çatıb. Belə ki, 15 nəfərlik qrup intensiv aşpazlıq təlimini başa vuraraq, bu peşənin incəliklərinə yiyələniblər. “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan layihə çərçivəsində artıq son təlim mərhələsinə də start verilib. Öncədən aparılan sorğu əsasında iştirakçıların marağına uyğun olaraq seçilən motorçu peşə təlimi öz işinə başlayıb.
Milletinsesi.az xəbər verir ki, motorçu təliminin özəlliyi ondan ibarətdir ki, təlimçi 3-cü qrup eşitmə məhdudiyyəti olan və artıq 12 ildir ki, avtomobil ustası çalışan Bəhrəm Hüseynovdur. Onun sözlərinə görə, avtomobilin təmiri zamanı bəzən səsləri duymağa ehtiyac olsa da, güclü intuisiya qabiliyyəti ilə işin öhdəsindən asanlıqla gəlmək mümkündür.
Qeyd edək ki, “Nar” tərəfindən təşkil edilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilir. Bu layihə eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edəcək. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda start götürüb. Gələcəkdə isə bölgələrdə də “Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.
“Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.