“Rus soyadlı saxta ukraynalı quduz itlər ağızları köpüklənə-köpüklənə deyirlər ki…”

Medvedev Qərbi “güclü qırğın vasitələri” ilə təhdid etdi…

Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev özünün “Telegram-kanal”ında yazıb ki, Rusiya “ən güclü qırğın vasitələrin”, o cümlədən “yeni prinsiplərə əsaslanan” vasitələrin istehsalını artırmaqdadır.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

Onun sözlərinə görə, bu, “düşmənin təkcə Malarossiyanın Kiyev quberniyasında deyil”, həm də “Avropada, Şimali Amerikada, Yaponiyada, Avstraliyada, Yeni Zelandiyada və bir sıra digər yerlərdə müasir nasistlərə rəğbətlə yanaşanların gizlənməsinə” olan cavabdır.

Medvedev Ukrayna nümayəndələrinin Rusiyanın ərazisinə mümkün zərbələr haqqında bəyanatlarını şərh edərkən onları təhqir etməkdən çəkinməyib.

“Rus soyadlı saxta ukraynalı quduz itlər ağızları zəhərli tüpürcəklərilə köpüklənə-köpüklənə boşboğazlıq edərək deyir ki, düşmən Rusiyanın sərhədlərində-qərbdən Vladivostoka qədər yerləşib”.

Göründüyü kimi, Medvedev Ukraynanın təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilovu nəzərdə tutub. Söhbətin hansı silahdan getdiyini Medvedev izah etməyib.

Bu günlərdə Rusiya prezidenti Vladimir Putin Bişkekdə çıxış edərək bəyan edib ki, Moskva “bizim amerikalı tərəfdaşlarımızın öz təhlükəsizliyini təmin etmək ideyasını” rəhbər tutaraq  tərksilah məqsədilə ilkin nüvə zərbəsini nəzərdən keçirə bilər”.

O, bəyan edib ki, Rusiyanın hazırda malik olduğu hipersəsli silahın köməyilə belə zərbə endirilə bilər. ABŞ-da belə silah yoxdur.

Medvedev əvvəllər də Rusiyanın nüvə silahı tətbiq edəcəyi ilə Qərbi apokalipsislə və qiyamət günü ilə təhdid edib və bəyan edib ki, “torpaq alışıb yanacaq və beton əriyəcək”.

Bu ərəfədə isə ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland və Almaniya kansleri Olaf Şolts bəyan edib ki, Qərb ölkələri, onların fikrincə, Rusiyanı nüvə ritorikasını yumşaltmağa və Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etmək planlarından imtina etməyə inandıra bilib.

Mənbə

Share: