Plastik qabda su alarkən diqqətli olun – XƏBƏRDARLIQ

Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur

Neftin təkrar emal məhsullarından əldə olunan plastik qablar yüksək temperaturda təhlükə mənbəyidir.

Havaların istiləşməsi zəhərlənmə hallarının baş vermə ehtimalını artırır. Yüksək hava temperaturu plastik qablarla bağlı təhlükəni yenidən gündəmə gətirir.

Bəzi hallarda iri marketlərin qarşısında saatlarla saxlanılan plastik qablarda olan içməli sular zəhərlənmə mənbəyinə çevrilir. Bəs bu kimi halların baş verməməsi üçün nə etmək lazımdır? Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi belə arzuolunmaz hadisələrin baş verməməsi üçünlazım olan tövsiyələrini açıqlayıb.AQTA-nın məlumatında bildirilib ki, qablaşdırma qida və digər məhsulların təhlükəsiz şəraitdə saxlanılmasında mühüm rola malikdir: “Qablaşdırma həmçinin ətraf mühitin zərərli təsirlərindən qorunması və məhsulun rahat daşınması üçün əhəmiyyətli vasitədir. Qablaşdırma məhsulları fərqli formalarda və fərqli materiallardan hazırlanır. Plastik, metal, kağız, şüşə və digər əsaslı qablaşdırma məhsullarını buna misal göstərmək olar. Qablaşdırılmada istifadə edilən bu materialların qida üçün təhlükəsiz olması vacibdir”.

“Lakin araşdırmalar göstərir ki, bu cür materialların heç də hamısı təhlükəsiz qablaşdırma materialları hesab edilmir. Plastik qablaşdırma materialları kimi. Belə ki, qida məhsullarının qablaşdırılmasında istifadə olunan plastik qablardan toksiki xassəli kimyəvi maddələr qidaya miqrasiya edə bilər. Bunlar bilavasitə plastiklərin istehsalı prosesində yaranan və xammaldan gələn maddələrdir. Çünki, plastik materialların əksəriyyəti yüksək temperatur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlığımız üçün təhlükə yarada bilən zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerlər, bisfenol A və sairi misal göstərmək olar. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması yolverilməzdir”, – deyə AQTA-dan verilən məlumatda bildirilib.

Qeyd olunub ki, içməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir: “Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur. Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə, eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin mənfi yöndə dəyişməsinə səbəb olur”.

“Qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir. Bu zəncirin hər hansı bir hissəsində baş verən qırılma sonda təhlükəli məhsulun istehlakçıya qədər çatmasına gətirib çıxara bilər. İstənilən qida məhsulu kimi, qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmaqla saxlanılması və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin, qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb-bağlanmamasına xüsusi diqqət edilməlidir. Plastik qablaşdırılmış suları mümkün qədər şüşə qablaşma ilə əvəz etməkdə, ev şəraitində soyuducularda su saxlayarkən də bua əməl etməkdə fayda var”, – deyə AQTA-nın məlumatında vurğulanıb.

Share: