“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur” – bu sözlər görkəmli siyasi xadim, mərhum dövlət başçısı Heydər Əliyevə məxsusdur.
Qarabağ münaqişəsinin həlli Heydər Əliyev üçün bir nömrəli prioritet idi. Mərhum dövlət başçısı Qarabağın düşmən tapdağından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün həm diplomatiya, həm də ordu quruculuğu sahəsində çalışırdı. Eyni zamanda, cəbhə bölgəsinə səfərləri, hərbçilərlə görüb onlara mənəvi dəstək verməyi də yaddan çıxarmırdı.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasının bugünkü təqdimatı Heydər Əliyevin anım gününə həsr olunub.
Yəqin ki, bu şəkli çoxları görüb, amma onun tarixçəsini az adam bilir…
Zaman 1994-cü il… Məkan Xocavənd rayonunun Nərgiztəpə kəndi …
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev cəbhə xəttinə – əsgərlərlə görüşə gəlib. Onu bu səfərdə müdafiə naziri, general-leytenant Məmmədrəfi Məmmədov müşayiət edir.
Heydər Əliyev bu səfər zamanı birbaşa səngərə gedir, hərbçilərlə söhbətləşir, daha sonra avtomat silahı əlinə alıb işğalçılara tuşlamaqla Azərbaycan əsgərinə ruh yüksəkliyi verir…
Həmin vaxt mərhum Ali Baş Komandanın olduğu yer düşmənin təxminən 2 kliometrlik məsafəsində – Xocavənd rayonunu Nərgiztəpə və Kuropatkino kəndləri arasında idi.
Bu səfər zamanı Heydər Əliyev yaxınlıqdakı işğal edilmiş Kuropatkino kəndindən olan əsgərə döyüşlərdə göstərdiyi fəallığa görə saat bağışlamışdı.
A.Qorxmaz