Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və QHT nümayəndələri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiya keçirirlər.
Aksiyada iştirak edən jurnalist Aqil Camaldan son durum barədə Modern.az-a danışıb.Onun sözlərinə görə, Laçın yolu bir saata yaxındır ki, bağlanılıb.
“Bir saata yaxındır ki, QHT və media nümayəndələri Laçın yolunu bağlayıblar. Hazırda Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun bölgəyə gəlməsi tələb edilir. Ərazidə çadırlar qurulub. Bu da onu göstərir ki, aksiya oturaq xarakter daşıyacaq. Hazırda hər iki tərəfdən yol bağlanıb. Ermənilərin Xankəndidən İrəvana gedən yolu bağlıdır. Orada maşınların keçidinin qarşısı alınıb. Düzdür, hələ Volkov gəlməsə də, onun müavinləri buradadır”.
A.Camal tələblər yerinə yetirilənədək aksiyanın davam edəcəyini vurğulayıb:
“Biz istəyirik ki, sülhməramlıların rəhbəri bura gəlsin. Həmçinin Qarabağın dağlıq hissəsində Azərbaycanın təbii sərvətlərinin istismarının qarşısının alınması, orada müvafiq monitorinqlərin aparılması əsas tələblər sırasındadır. Şüarlarımız ekoloji terrora son qoyulması, Azərbaycanın təbii sərvətlərinin talanmasının qarşısının alınması, sülhməramlı missiya adı ilə fəaliyyət göstərən Rusiya hərbi kontingentinin mədənlərdə monitorinq keçirməsinə şərait yaratmasına yönəlib”.
QHT rəhbəri sülhməramlıların aksiya iştirakçılarına müqavimət göstərmək istədiyini söyləyib:
“Yolu bağlayarkən Rusiya hərbçiləri bizə müqavimət göstərməyə çalışdılar. Ancaq aksiya iştirakçılarının fəallığı nəticəsində onlar yolun hərəkətini bərpa edə bilmədilər. Hazırda kənara çəkiliblər. Əllərində silahlarla, hətta pulemyotlarla gözləyirlər. Əraziyə hərbi texnikaları cəlb ediblər”.