ABŞ və Rusiya arasında son qarşılıqlı ekstradisiya razılaşmasından sonra ölkəsinə qayıdan Viktor But Rusiya Liberal-Demokrat Partiyasına üzv olub.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Vladimir Jirinovskinin ölümündən sonra partiyanın sədri seçilən Leonid Slutski sosial şəbəkə hesabında məlumat verib.
“But partiyamızda layiq olduğu yeri tutacaq. Sıralarımıza xoş gəldin, cəsur insan”, – deyə Slutski yazıb.
Jurnalistlər bununla bağlı Kremlinin sözçüsü Dmitri Peskova sual ünvanlayarkən, o, partiyaya üzvlük məsələsinin Butun şəxsi seçimi və qərarı olduğunu bildirib.
Qeyd edək ki, V.But “Kolumbiya İnqilabçı Silahlı Qüvvələri” qruplaşmasına silah tədarük etdiyi üçün 2008-ci ildə Taylandda həbs olunmuşdu. Daha sonra ABŞ-a təhvil verilən Buta 25 il azadlıqdan məhrumetmə hökmü oxunmuşdu.