Bakıda “Renc Rover”lə iki nəfəri öldürən polis bəraət aldı

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milletinsesi.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmə zamanı Xəyal Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, prokuror Xəyal Məmmədovun əməlinin məhkəmədə tam sübuta yetirildiyi üçün 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Renc Rover” markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini – Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Renc Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

 

Share: