Azərbaycanlı tələbə Mehdi Fikri Təbrizdəki evində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
Hüquq müdafiəçiləri Təbriz Universitetində təhsil alan gəncin həbsinin İranda davam etməkdə olan ümummilli etirazlarla əlaqədar olduğunu bildiriblər. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, Fikri dekabrın 8-də Təbrizin Şahgölü məhəlləsindəki evində həbs edilib.
Xəbərdə Mehdi Fikrinin oktyabr ayının ilk günlərində Təbriz Universitetində təşkil olunan aksiyalardan sonra universitetin “intizam komitəsi” tərəfindən bir il müddətinə təhsildən uzaqlaşdırıldığı qeyd edilib. 20 yaşlı tələbəni nəzarət altına almağa gedən məmurlar evi axtararaq onun şəxsi əşyası, o cümlədən kompüter və mobil telefonunu müsadirə ediblər.
Onun valideynləri dəfələrlə ölkənin təhlükəsizlik və məhkəmə qurumlarına müraciət etsələr də, övladlarının vəziyyəti ilə bağlı konkret məlumat ala bilməyiblər.