İmamoğlunun həbsi barədə qərarı eşitdiyi an

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun barəsində 2 il 7 aylıq həbs qərarının çıxarılması haqqında məlumatı aldığı anların görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, sözügedən videonu İstanbul bələdiyyəsinin mətbuat xidmətinin rəhbəri Murat Onqun tviter səhifəsində paylaşıb.

 

İmamoğlu məlumatı alarkən İYİ Partiyanın sədri Meral Akşener və digər şəxslər də onun kabinetində olub.

 

Belə ki, bələdiyyə əməkdaşlarından biri İmamoğluya yaxınlaşaraq məhkəmənin haqqında çıxardığı qərar barədə ona xəbər verib. İlk anlarda qərarı susqunluqla qarşılayan siyasətçinin sükutunu Akşener pozub və otaqdakı hüquqşünasdan qərarın hüquqi mənasını və mahiyyətini öyrənməyə çalışıb.

 

Bundan sonra Akşener İmamoğlunu qucaqlayıb və “hələ yeni başladın” deyib.

 

İmamoğlu da qərara ilk münasibətini bu zaman açıqlayıb.

 

“Bəli. Xalqın iradəsini bir ovuc insan dəyişdirə bilməz. Mübarizəmiz yeni başlayıb və davam edəcək”, – deyə bələdiyyə sədri bildirib.

 

Bundan sonra kabinetdəki digər insanlar İmamoğlunu alqışlayıblar və onlardan biri “başqanım, bütün İstanbul sizin arxanızdadır” deyib.

 

Qeyd edək ki, Əkrəm İmamoğlu haqqında Ali Seçki Komissiyasının üzvlərini təhqir etmək iddiası ilə (iddiaya görə, İmamoğlu onları “axmaq” adlandırıb) qaldırılan cinayət işi üzrə iki gün əvvəl keçirilən məhkəmə prosesində 2 il 7 ay 15 gün həbs və siyasi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi barədə qərar çıxarılıb. Yüksək instansiya məhkəməsinin təsdiqindən sonra qərarın icrası gözlənilir.

 

 

Mənbə

Share: