101 yaşlı ordumuz, qürurumuz!

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümüdür, böyük zəfəri o gətirəcək!..

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bağlı qəbul edilən İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması xüsusi qeyd edilmişdi. Bu, tam normal və təbii məsələydi, bir dövləti qorumaq üçün qüvvən olmadısa, onu yaratmağın, elan etməyin nə mənası var?

Ancaq mart soyqırımında təpədən-dırnağadək silahlı erməni daşnakları tərəfindən dəhşətlərə düçar edilmiş Azərbaycanda ordu qurmaq asan məsələ deyildi, əlbəttə ki. Bu mənada Azərbaycanın ilk müdafiə naziri general Xosrov bəy Sultanovun nə qədər çətinliklər çəkdiyini təsəvvür etmək mümkündür. Azərbaycan Xalq Cümhuriyyəti ilk günlərdə 600 könüllünün ümidinə qalmışdı.

1918-ci ilin 26 iyununda, düz 101 il əvvəl isə AXC Nazirlər Şurası Çar Rusiyası zamanında “Vəhşi diviziya” adlanan keçmiş Tatar alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin başçılıq etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsini yaratdı. 5 min nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan korpusu o gün yaradıldı. İyulun 11-də isə hökumət hərbi səfərbərlik elan etdi və 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşlar orduya çağırıldı. Bu ordu çox keçmədi ki, Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etdi, daha sonra Qarabağda, Zəngəzurda çox möhtəşəm hərbi əməliyyatlar keçirib ermənilərə sarsıdıcı zərbələr endirdi.

Ä°lgili resim

Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən süquta yetiriləndən sonra Azərbaycan hərbi nazirliyi də ləğv edildi, 21 generaldan 15-i güllələndi. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyimizin bərpasının ardınca müstəqil dövlətin müstəqil ordusunun formalaşdırılması istiqamətində də addımlar atıldı. Hələ yaranmaqda olan ordu 1918-ci ildəki kimi yenə də ermənilərlə üzbəüz döyüşməli, şəhidlər verməli oldu…

22 may 1998-ci ildə mərhum prezident Heydər Əliyev 26 iyunun Silahlı Qüvvələr günü kimi qeyd olunması barədə fərman imzaladı və o vaxtdan Cümhuriyyət yadigarı olan həmin tarix bayram olaraq qeyd edilir. Ancaq bu gün Azərbaycan ordusu nəinki 1918-ci, heç 15-20 il əvvəlki də deyil, həm keyfiyyət, həm də kəmiyyət etibarilə xeyli dəyişib.

İstisnalar olmaqla, dünyanın əksər ölkələri öz ordularına bu və ya digər dərəcədə önəm verirlər, çünki təhlükələrdən heç bir ölkə sığortalanmayıb. Amma Azərbaycan Respublikası üçün onun Silahlı Qüvvələrinin yeri və önəmi tamam başqadır. Ölkəmizin 20 faiz ərazisi 26 ildir ki, işğal altındadır. Proseslər onu göstərir ki, Ermənistan işğal etdiyi torpaqları xoşluqla geri qaytaran deyil. Bu səbəbdən Azərbaycan dövləti ordu quruculuğunu daim prioritet hesab edir. Silahlı Qüvvələrimizə ayrılan vəsaitin büdcədə xüsusi çəkiyə malik olması da qeydimizi təsdiqləyir.

Bir neçə ay əvvəl “Global Firepower” hərbi-analitik portalı 2019-cu il üçün dünya orduları reytinqini – World Military Strength Rankings dərc etmişdi. Portal analitiklərinin hesablamalarına görə, Azərbaycan ordusu 137 ölkə arasında 52-ci yeri tutur. Cənubi Qafqazın digər iki ölkəsinə gəldikdə, Ermənistan ordusu 96-cı, Gürcüstan ordusu 85-ci yeri tutur. Azərbaycanın hərbi büdcəsi 1 600 000 000 dollar, Ermənistanın hərbi büdcəsi 520 000 000 dollar, Gürcüstanın hərbi büdcəsi 380 000 000 dollardır. Beləliklə, Azərbaycan dövləti öz ordusuna az qala Ermənistanın bütövlükdə dövlət büdcəsi qədər vəsait ayırır ki, bu da işğalçını və onun himayədarlarını daim narahat edir.

Azərbaycan ordusu ile ilgili görsel sonucu

Azərbaycan bütün istiqamətlərdə Ermənistan ordusunu üstələyir. Rəqəmlərə diqqət yetirək: Ehtiyatdakılarla birlikdə canlı qüvvə: Azərbaycan – 367 min; Ermənistan – 245 mini

Hərbi aviasiya: Azərbaycan – 138; Ermənistan – 63,

Qırıcı təyyarələr: Azərbaycan – 18; Ermənistan – 0;

Hücum təyyarələri: Azərbaycan – 30; Ermənistan – 9;

Helikopterlər: Azərbaycan – 88; Ermənistan – 42;

Tanklar: Azərbaycan – 665; Ermənitstan – 110;

PDM: Azərbaycan – 1671; Ermənistan – 950;

Özü yeriyən artilleriya: Azərbaycan – 187; Ermənistan – 38;

Yedək-artilleriyası: Azərbaycan – 232; Ermənistan-175 ;

Raket vasitələri: Azərbaycan – 183; Ermənistan -70.

Azərbaycan ordusu ile ilgili görsel sonucu

Hələ bunun üzərinə Azərbaycanın malik olduğu hərbi dəniz qüvvələrini də gəlmək olar. Göründüyü kimi, Ermənistan öz himayədarlarından nə qədər pulsuz silah-sursat, hərbi texnika alsa da, yenə Azərbaycan ordusu ilə rəqabətə girə bilmir. Ordumuzun İsrail, Türkiyə, Rusiya, Belarus, Ukrayna istehsalı olan silahlarla, hərbi avadanlıqlarla, həmçinin düşmən üçün qorxulu röyaya çevrilmiş müasir raketlərlə təchiz olunması düşməni daim təşvişdə saxlayır. Müdafiə naziri Zakir Həsənovun dediyi kimi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur. Cənab Həsənov bildirib ki, Azərbaycan ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Helikopter meydançları yenilənib və onlar müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir.

Ermənistan Azərbaycan ordusunun gerçək gücünü 2016-cı ilin aprel döyüşlərində gördü. O zamanadək “keçilməz” sayılan “Ohanyan səddi”ni Azərbaycanın qəhrəman əsgər və zabitləri bir neçə saat ərzində yarıb keçdilər və böyük bir ərazini işğaldan azad etdilər. Aprel döyüşləri düşmən ordusunun bərbad vəziyyətini üzə çıxartdı və məhz bundan sonra erməni ordusunda tankların yanacağını satıb yerinə su dolduran, əsgərlərin ərzaq payını belə, mənimsəyən erməni generallarının cəzalandırılmasına başlandı. Ordumuzun düşməndən qat-qat üstün olması artıq heç kəsə sirr deyil, lakin təəssüf ki, torpaqların azad olunması istiqamətdə addım atmağa beynəlxalq şərtlər mane olur.

Keçən ilin 26 iyununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Möhtəşəm hərbi paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu. Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edirdi. Növbəti hərbi parad isə Bakının işğaldan azad edilməsinin 100 illiyi şərəfinə, 15 sentyabrda keçirildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimdə iki qardaş ölkənin hərbçilərini bir sırada görmək qürurverici idi.

Təkcə bu il ərazində Türkiyə və Azərbaycanın bir neçə birgə hərbi təlimi keçirilib, sonuncu təlim Naxçıvan Muxtar Respublikasında baş tutdu. Ermənistan mətbuatı Azərbaycanın Gürcüstan və Pakistanla hərbi əlaqələrindən də çox narahatdır. Bütün bunlar Azərbaycan ordusunun daha da möhkəmləndirilməsi üçün çox vacibdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  bir müddət öncə hərbi hissələrdən birinin açılışı zamanı Silahlı Qüvvələrimizə yüksək qiymət vermişdi. “Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik”, – deyə, prezident bəyan edib.

Xarici ekspertlər də əmindir ki, Azərbaycan və Ermənistanı üz-üzə qoysalar, qısa müddətdə Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilər azad olunar. Burada sözsüz ki, ilk növbədə Rusiya amilini nəzərə almaq lazımdır. Düzdür, rəsmi Moskva daim Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Eyni zamanda iki qonşu ölkə arasında münasibətlər də yüksək səviyyədədir. Lakin bu, faktdır ki, Rusiya tarixən onun üçün “maşa” rolunu oynayan erməniləri himayəsiz qoymaq istəmir. Sovetlər dövründə Rusiyanın Ermənistana verdiyi dəstək indi müşahidə olunmasa da, Kreml status-kvonun saxlanmasında daha çox maraqlı görünür, nəinki Azərbaycanın öz ərazilərini azad etməsində. Elə aprel döyüşlərini də dayandıran və tərəfləri masa ətrafında dəvət edən Rusiya oldu. Müdafiə naziri Z.Həsənov da bildirib ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib. “Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər” – nazir deyib.

“İri dövlətlər heç bir müdaxilə etməsələr, bizə öz sözümüzü deməyə imkan versələr, Azərbaycan ordusu qısa vaxtda Qarabağ məsələsini həll edər. Ən azı 3-4 gün ərzində düşməni sarsıda bilər. Söhbət bölmələrdən getmir, bir neçə birləşmənin əks həmləsi işğalçı ölkəni sarsıdacaq və həmin andaca danışıqlara getməyə hazır olacaq”. Bu fikirləri ehtiyatda olan zabit, general Yaşar Aydəmirov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bildirdi.

Yaşar Aydəmirov ile ilgili görsel sonucu

General qeyd etdi ki, ordumuzun müasir silah-sursata, peşəkar zabitlərə, döyüşçü potensialına malikdir: “Ehtiyat silah-sursatımız da kifayət qədərdir, həmçinin yenilərinin alınması üçün də maliyyə imkanlarımız yetərincədir. Ona görə də Azərbaycan ordusu üçün torpaqlarını azad etmək problem deyil”.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da bəyan etdi ki, beynəlxalq şərait müharibəyə başlamağa imkan vermir. Lakin Azərbaycan dövlətinin başçısı dəfələrlə bəyan edib ki, bizim səbrimiz tükənməz deyil və sülh danışıqları nəticə verməsə, torpaqların istənilən yolla azad edilməsi barədə qərar qaçılmaz olacaq. Hər halda, 2016-cı ilin Lələtəpə və 2018-ci ilin Günnüt əməliyyatı düşmənə dərs olmayıb.

26 iyun Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan ordusunun şəxsi heyətini təbrik edirik! İnanırıq ki, qəhrəman Azərbaycan əsgəri xalqa Böyük Qələbəni bəxş edəcək, inşallah!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Share: