Bakıda UNESKO-nun mühüm sessiyası başladı

Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası başlayıb.

Milletinsesi.az xəbər verir ki, iyulun 10-dək davam edəcək sessiyada dünyanın 180-dən artıq ölkəsindən 2500 nəfərdən artıq nümayəndə iştirak edir.

Sessiyanın açılış mərasimində ilk olaraq Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib. O, UNESKO-nun ən mötəbər, nüfuzlu komitəsinin sessiyasının Bakıda təşkil edilməsindən məmnunluğunu bildirib.

Qeyd edib ki, sessiyada UNESKO üzv dövlətlərindən yüksək səviyyəli rəsmilər, o cümlədən bir çox ölkələrin baş nazirləri, baş nazir müavinləri, mədəniyyət, ətraf mühit, turizm nazirləri, həmçinin beynəlxalq təşkilatların rəhbər şəxsləri, UNESKO-nun məşvərət orqanlarının rəhbərləri, 70-ə yaxın ölkənin UNESKO yanında daimi nümayəndəsi və memarlıq, irs və ətraf mühit sahələri üzrə mütəxəssislər iştirak edir.

Nazir bildirib ki, mühüm əhəmiyyətə malik tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irsə, ən qədim abidələrə olan dəyəri özündə əks etdirir:

“Tədbirə ev sahibliyi etmək və eyni zamanda Ümumdünya İrs Komitəsinə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoymuş olur. Dünya İrs Komitəsi Dünya mədəni və təbii irsinin qorunması üzrə Konvensiyanın iştirakçısı olan dövlətlərdən ibarət Dünya İrs Komitəsinin hazırkı üzvləri Anqola, Avstraliya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Braziliya Burkina Faso, Çin, Kuba, Qvatemala, Macarıstan, İndoneziya, Küveyt, Qırğızıstan, Norveç, Sen-Kits və Nevis, İspaniya, Tunis, Uqanda, Tanzaniya və Zimbabvedir. Azərbaycan isə 2015-ci ildə Dünya İrs Komitəsinə üzv seçilib”.

Nazir onu da bildirb ki, 2018-ci ilin 24 iyun-4 iyul tarixlərində Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan Dünya İrs Komitəsin sədr seçilib və 2019-cu ildə komitənin 43-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsi qərara alınıb.

Ə.Qarayev sessiya zamanı UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd faylın nəzərdən keçiriləcəyini vurğulayıb. Əlavə edib ki, namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir:

“Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir”.

Sessiyada daha sonra Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler çıxış edib. O, gündəliklə bağlı fikirlərini çatdırıb, təkliflər irəli sürüb. Qeyd edib ki, sessiya çərçivəsində UNESKO-nun üzv dövlətləri və məşvərətçi təşkilatları tərəfindən mədəni irsin qorunması, dayanıqlı inkişaf, innovasiya və sair mövzularda 40-dan çox paralel tədbir təşkil olunacaq.

M.Rossler sesiyanın UNESKO-nun və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi internet portalları vasitəsilə canlı yayımlandığını vurğulayıb.

 

Share: