Rusiyanın Transmaşholdinq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC-nin Bakı metropoliteni üçün istehsal etdiyi 10 vaqondan ibarət iki qatar bu gün xəttə buraxılıb.
Bakı Metropolitenindən Milletinsesi.az-a verilən məlumata görə, vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq arabaları üçün sahələr də ayrılıb, tutacaqlar xüsusi olaraq sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Ümumən, qatarın baş vaqonu 38, orta vaqonu isə 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır.
Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur. Onlar səssiz-küysüzdür və istilik izolyasiyası ilə diqqət çəkir. Həmçinin xüsusi konstruksiyalı səsboğucular qoyulmuş təkərlər qatarların daha səssiz və rəvan hərəkətini təmin edir. İzolyasiyanın etibarlığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsinə səbəb olur, tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, salonlarda havanın bərabər paylanmasına xidmət edir.
Vaqonlarda sərnişinlərin elektron qurğularının doldurulması üçün USB yuvacıqlar da var. Baş vaqonlar əlil arabaları üçün yerlərlə təmin edilib.
Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu sistem maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.
Sahəsi 15 faiz genişləndirilərək, daha rahat olmuş maşinist kabinəsi sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib.
Vaqonlarda işıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaldır, onların istismar müddətini isə 75 faiz artırır.
Vaqonların istismar müddəti 30 ildir.
Qeyd edək ki, “Transmaşholdinq” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, 2019-cu il ərzində Bakı metropoliteninə daha 20 vaqon gətiriləcək.