Zakir Həsənov Prezidentin tapşırığı ilə hərbi hissələrə getdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir burada şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoyub.Hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri, habelə döyüş hazırlığı yoxlanılıb.

 

General-polkovnik Z.Həsənov hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib.

 

Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) hərbi hissəsinə gəlib. PUA-lara baxış keçirən müdafiə naziri onların texniki vəziyyəti ilə maraqlanıb, heyətlərin hazırlıq səviyyəsini yoxlayıb.

 

Müdafiə naziri ziyarət etdiyi hərbi hissələrin şəxsi heyətinin hazırlığını yüksək qiymətləndirib və döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib. General-polkovnik Z.Həsənov hərbi hissələrdə yaradılan şəraitlə tanış olub, şəxsi heyətin xidməti və sosial qayğıları ilə maraqlanıb, onlara 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.

 

Nazir yeni tədris dövründə təlimlərin daha səmərəli keçirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması ilə bağlı vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.

Mənbə

Share: