İsrailin Avrasiya ölkələrindəki səfirləri Bakıda toplaşacaq. İsrail Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulan görüşün yanvarın 16-18-də keçirilməsi planlaşdırılır. Səfirlərin Bakı toplantısının gündəliyi və digər detallar hələlik məlum deyil.
Belə bir görüşün Bakıda təşkil olunması nədən xəbər verir? İsrail niyə digər ölkələri yox, məhz Azərbaycanı seçdi?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, səfirlərin görüşünün Bakıda keçirilməsi iki ölkə arasında qarşılıqlı etimaddan irəli gəlir.
“Toplantının Azərbaycanda keçirilməsi iki dövlət arasındakı qarşılıqlı inamı təcəssüm etdirir. Bu, həm də İsrail-Azərbaycan əlaqələrinin necə sürətlə inkişaf etməsinin sübutu kimi dəyərləndirilə bilər. Yeri gəlmişkən, bu görüş həm də Azəbaycandakı stabilliyə dünya ölkələrinin inamının ifadəsidir. Bundan sonra da İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişafının şahidi olacağıq”, – deputat vurğulayıb.
C.Məmmədovun sözlərinə görə, İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olması bu qərara şərait yaradıb:
“İsrail və Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir. Bu inkişaf hər iki ölkənin marağındadır. Azərbaycan İsrailə, İsrail də Azərbaycana həmişə dost münasibət bəsləyib. İsrail Azərbaycanın mövqeyini bütün platformalarda müdafiə edib. Eyni zamanda qeyd edim ki, Azərbaycanın İsraildə səfirlik açması da münasibətlərin inkişafına təkan verəcək”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə bildirib ki, yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun yüksək olduğunu təsdiqləyir:
“Azərbaycan bundan öncə də geosiyasi baxımdan bir-biri ilə münaqişədə olan ayrı-ayrı dövlətlərin yüksək rütbəli nümayəndələrinin görüşünə ev sahibliyi edib. Hər bir dövlət Azərbaycanı neytrallığına görə rahatlıqla görüş məkanı kimi seçə bilir. Bu dəfə də İsrailin Azərbaycanı görüş üçün seçməsi olduqca rasional qərardır. Çünki İsrail-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Avrasiyanın orta xəttində İsrailin güvənə biləcəyi ölkə məhz Azərbaycandır”.
Politoloq xatırladıb ki, İsrail daha əvvəl belə görüşləri Rusiyada təşkil edib:
“İsrail bu dəfə Rusiyanı görüş yeri kimi seçə bilməzdi. Çünki Ukrayna-Rusiya müharibəsi fonunda yaranmış geosiyasi vəziyyət buna imkan vermir. Bir sözlə, belə görüşün təşkili narazılığa səbəb ola bilərdi. Məhz buna görə də, İsrail Rusiyaya və Avrasiya ölkələrinə yaxın olan, eyni zamanda dünyada reytinqi, nüfuzu böyük olan Azərbaycana üz tutdu. Əlbəttə, bundan bəzi qüvvələr narahat olacaq. Ancaq narahatlığa ehtiyac yoxdur. Azərbaycan-İsrail əlaqələri kimin nə deməsindən asılı olmayaraq, yüksələn xəttlə inkişaf edir və edəcək”.
Zaur Məmmədov səfirlərin Bakı görüşünün əhəmiyyətindən də söz açıb:
“Məlum olduğu kimi, Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli əməkdaşlarının Avrasiya ölkələrindəki İsrail səfirləri ilə görüşündə olduqca vacib qərarlar qəbul olunur. Onların görüşləri koordinasiya edilir. Həmin ölkələrin diplomatik korpusunun Bakıya gəlib Azərbaycanla tanış olması informasiya siyasəti baxımından bizim üçün faydalı olacaq. İsrailin yüksək vəzifəli şəxslərinin Azərbaycana səfərini nəzərə alsaq, əlbəttə, bu, Cənubi Qafqazda gedən proseslər üçün yeni səhifə deməkdir. Azərbaycan-Türkiyə-İsrail “geosiyasi oxu” çox böyük nəticələr əldə edə bilər. Bu birlik eyni zamanda geosiyasi sabitliyə təsir göstərə bilər”.