Xameneinin etirazçılara qarşı HİCAB HİYLƏSİ

İranın ali rəhbəri Əli Xamenei hicabla bağlı sərt qaydaların yumşaldılacağına dair vədlər verib. Bu yaxınlarda bir qrup qadınla görüşən Xamenei deyib ki, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz:

 

“Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”.

 

Onun fikirləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Ölkədə ötən ilin sentyabrından başlayan etiraz aksiyalarının davam etdiyi bir məqamda ali rəhbərin hicabla bağlı radikal mövqeyini dəyişməsi hiyləgər addım kimi qiymətləndirilir. Ehtimal olunur ki, Xamenei cəlbedici vədlərlə etirazçı kütləni sakitləşdirməyə və aksiyaların yayılmasının qarşısını almağa çalışır. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili bildirib ki, Xameneinin çıxışı heç nəyi dəyişmir və insanlar onun boş vədlərinə artıq inanmırlar.

 

“Xamenei bir müddət əvvəl seçilmiş qadınlarla görüşüb. Görüşdə cəmiyyətin digər təbəqələrindən olan fəallar olmayıb. Xamenei ilə həmin görüşdə iştirak edən qadınların hamısı şəriətçi rejimi müdafiə edən, sistemin əmr və göstərişlərini yerinə yetirənlərdir. Xamenei bir çox çıxışlarında, elə sözügedən toplantıda da qadınların başını örtməsinin zəruri və müzakirəolunmaz olduğunu vurğulayıb. Belə olan halda onun yalnız “başını açan qadın da inqilabdan, islamdan uzaq deyil” ifadəsinin qabardılmasına təəssüf edirəm. Axı bu görüşdə o, həm də qadın haqlarını müdafiə edən qrupları ciddi şəkildə tənqid edib. Digər yandan ölkədə edam qərarlarının sayı artıb. Son bir həftədə iki gənc edam olunub. Bu baxımdan belə ucuz və cılız çıxışlar ölkədəki problemləri həll etmək iqtidarında deyil”, – Məhsa Mehdili söyləyib.

 

 

Siyasi şərhçi hesab edir ki, media belə məsələləri işıqlandırmaqla, digər ciddi məqamları kölgədə qoyur. Bu da molla rejiminin maraqlarına xidmət edir:

 

“Dünya mediası 4 aydır davam edən və ciddi şəkildə basdırılmağa çalışılan etiraz aksiyalarını yalnız hicaba görə edilirmiş kimi qələmə verir. Ancaq belə deyil. İran artıq siyasi, iqtisadi, ictimai problemlər istehsal edən dövlətə çevrilib. Bu problemlərin heç biri hələ də həll edilməyib. İnsanların tənqidlərini, etirazlarını dilə gətirə bilməsi üçün platformalar yaradılmır. Buna görə də, insanlar məcburiyyət qarşısında qalaraq küçələrə axışır.  Əslində əxlaqsızlığın artması, marixuanadan istifadə yaşının aşağı düşməsi, yoxsulluq və digər məişət problemləri diqqətdə saxlanılmalıdır. İnsanlar İran dövlətinin yanlış siyasətinin yükünü daşıyırlar. 

 

Hicab məsələləri, qadınların öz azadlıqlarını istəməsi etirazlarda sadəcə kiçik bir yer tutur. Tutaq ki, sabah hicab azadlığı gəldi, nə olsun? Bəs məişət problemləri, yoxsulluq, işsizlik necə olacaq? İctimai xadimlərin uzunmüddətli həbs edilərək, işgəncəyə məruz qalması, bəzilərinin edam olunması necə olacaq? İran dövləti elə təsəvvür yaradır ki, guya problem yalnız hicabla bağlıdır. Beləliklə, işgəncələrə, edamlara, təcavüzlərə davam edirlər. Xalqın haqlı etirazlarına müsbət reaksiya verilmir, problemlərin həlli üçün addım atılmır. Media da bu məsələyə fokuslanmaqla rejimin hiyləsinə yardımçı olur”.

Mənbə

Share: