“İran Rusiyaya 100-lərlə dron verəcək”.
Bunu Ukrayna ordusunun hərbi kəşfiyyatının sədr müavini Vadim Skibitski deyib. Onun sözlərinə görə, İran hökuməti Rusiyaya ümumilikdə 1750 pilotsuz uçuş aparatının verilməsi üçün müqavilə imzalayıb. “Hesab edirik ki, Rusiya Ukrayna müharibəsində indiyədək 660 İran “Şahid” dronundan istifadə edib və daha 300 pilotsuz təyyarə alır”,-deyə Vadim Skibitski bildirib.
Ağ Evin mətbuat katibi Karin Jann Piyer isə Tehran və Moskva arasında müdafiə əlaqələrindən narahat olduğunu bildirib.
“Arab News” isə məlumat yayıb ki, İranda Ukraynaya qarşı hərbi əməliyyatlarda Rusiya ilə əməkdaşlığın dayandırılması istiqamətində çağırışlar artmaqdadır. İranlı aktorlar, xüsusilə də bütün hakimiyyət qollarını ələ keçirmiş radikallar bu əməkdaşlığın daxildə davam edən böhranı artırdığını bildirirlər. İranın Ukrayna müharibəsi ilə bağlı yanlış hesablamaları və Moskva ilə əməkdaşlığı nüvə danışıqlarına da mane olur ki, bu da İranın iqtisadi böhranını daha da dərinləşdirir.
“Arab News” xəbər saytı İsraildə qurulan yeni hökumətin Rusiya hökuməti ilə sıx münasibətləri bərpa etməsindən də yazıb. İddia olunur ki, İsrailin xarici işlər naziri Eli Kohen yanvarın 3-də rusiyalı həmkarı S.Lavrovla telefon danışığından sonra öz kabinetinə Rusiya-Ukrayna münaqişəsi haqqında şərh bildirməmək barədə göstəriş verib. Bu da öz növbəsində sabiq Baş nazir Yair Lapidin Rusiyaya qarşı xarici siyasətindən fərqlənir. Bundan başqa, B.Netanyahu BMT-də Fələstini dəstəkləyən qətnamələrə Ukraynanın qarşı çıxmamağından narazıdır.
Belə ki, dekabrın 31-də B.Netanyahu V.Zelenski ilə danışıb, Ukraynanın sözügedən qətnamələrə qarşı çıxmağını istəyib. V.Zelenski isə bunun qarşılığında İsraildən müasir hava müdafiə sistemləri tələb edib. Nəticədə, tərəflər razılaşa bilməyiblər. Ümumiyyətlə, Y.Lapid və N.Bennetdən fərqli olaraq, B.Netanyahu və V.Putin arasındakı müsbət münasibət İsrailin yeni hökumətinin xarici siyasət diskursunda həlledici rol oynayır. Digər səbəb isə odur ki, İsrail Suriyada İrana aid hədəfləri bombalamağına Rusiyanın mane olmağından ehtiyat edir. Rusiya ilə müsbət əlaqələr beləliklə, İsrailin İrana qarşı təhlükəsizlik maraqları ilə üst-üstə düşür. Bundan əlavə, İsraildə 1 milyon Rusiya əsilli yəhudi yaşayır və bunlar İsrail seçkilərinə təsir edirlər.