Naxçıvanın Bakıdakı nümayəndəliyi LƏĞV OLUNACAQ

Naxçıvan Muxtar Respublikasında islahatlar davam etdirilir. Ötən ildən başlanılan proses çərçivəsində əvvəlcə Naxçıvandakı dövlət qurumları Bakıya tabe edildi, Vasif Talıbovun Ali Məclisin sədri vəzifəsindən istefa verməsindən sonra Muxtar Respublikada Prezidentin səlahiyyətli nümayəndəliyi yaradıldı. Bununla da Naxçıvanda uzun illərdən sonra idarəetmə sistemi dəyişdirildi.

 

Növbəti yenilik Naxçıvan sakinlərinin ən böyük probleminə çevrilmiş şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı oldu. Belə ki, indiyədək Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişdirməsi ildə bir neçə dəfə yalnız Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində və Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi. Bu da istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini, eləcə də digər sənədlərini dəyişdirmək istəyən vətəndaşlar üçün əlavə çətinlik və vaxt itkisinə səbəb olurdu.

 

Bütün bunlar nəzərə alınaraq, Naxçıvan sakinlərinin digər Azərbaycan vətəndaşları kimi şəxsiyyət vəsiqələrini “ASAN Xidmət” mərkəzlərindən əldə etməsinə qərar verildi. Yəni, harada yaşamasınan asılı olmayaraq, Naxçıvan qeydiyyatında olan vətəndaşlar “ASAN Xidmət” vasitəsilə şəxsiyyət vəsiqəsi ala biləcəklər. Növbəti mərhələdə Naxçıvanla bağlı daha bir sıra yeniliklərin tətbiq olunması istisna edilmir. 

 

Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin ləğvi də gündəmdədir.

 

Naxçıvandakı qurumlar Bakı ilə birbaşa əlaqəli olduğu halda daimi nümayəndəliyə nə ehtiyac var?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri, əslən Naxçıvandan olan siyasətçi Sərdar Cəlaloğlu hesab edir ki, Naxçıvan MR-in Azərbaycanda daimi nümayəndəliyinin olması doğru deyil. Onun sözlərinə görə, Bakıdakı nümayəndəliyin ləğvi qaçılmazdır.

 

“Naxçıvanla bağlı problem konstitusiya ilə bağlıdır. Naxçıvan yeni konstitusiyada muxtar respublika kimi müəyyən edilib. Bu gün Naxçıvanın Azərbaycandakı daimi nümayəndəliyi səfirlik kimi fəaliyyət göstərir. Tatarıstanın da Azərbaycanda belə nümayəndəliyi var”, – partiya sədri deyib.

 

Sərdar Cəlaloğlunun fikrincə, nümayəndəliyin ləğvi ilə yanaşı, Naxçıvanın statusu dəyişdirilməlidir:

 

“Konstitusiyaya əsasən Azərbaycan unitar dövlətdir. Belə olan halda dövlətin tərkibində muxtariyyət ola bilməz. Bu gün faktiki olaraq, Naxçıvanla Azərbaycan konfedarativ əlaqədədir. Bu uyğunsuzluq aradan qaldırılmalıdır. O dövrlərdə hadisələr çox sürətli inkişaf edirdi. Belə məsələlər nəzərə alınmırdı. Biz Naxçıvanla bağlı məsələnin konstitusiyaya salınmasına etiraz etsək də, təklifərimizə məhəl qoyulmadı. Hətta o vaxtlar belə bir fikir vardı ki, Qarabağın Azərbaycandan ayrılması üçün guya status müəyyən olunub. Bu, erməniləri tam təmin edən variant idi. İndi Qarabağ demək olar ki, işğaldan azad olunub. Çox az hissə ermənilərdə qalıb. İndi diqqətlər Naxçıvana yönəlib. Orada ciddi islahatların aparılmasına ehtiyac yaranmışdı. İllərlə yığılıb qalmış problemlər, nöqsanlar sakinləri narahat edirdi. İndi artıq yeni dövrdür.

 

Hesab edirəm ki, ilk növbədə Naxçıvanın muxtariyyət statusu ləğv edilməlidir. Əks halda Naxçıvanın nazirliklərinin, nümayəndəliyinin ləğv edilməsi konstitusiyaya zidd olar. Çünki Naxçıvan muxtar dövlətdirsə, öz qurumları olmalıdır. Statusun ləğvindən sonra Bakıdakı nümayəndəliyi ləğv etmək lazımdır. Artıq belə bir qurumun fəaliyyətinə ehtiyac qalmır”.

Mənbə

Share: