Xəbər verdiyimiz kimi, Xankəndindəki qondarma “dövlət naziri”, milyarder Ruben Vardanyanın qərarıyla Qarabağdakı hayklara bəzi ərzaqlar talonla veriləcək. Yerni məlumatlara görə, talonlar (kuponlar) yanvarın 17-dən paylanacaq, mağazalarda alışlar isə yanvarın 20-dən mümkün olacaq.
Millətin Səsi.az xəbər verir ki, bu barədə separatçı-terrorçu rejimin qondarma və qanunsuz “sosial məsələləri komitəsi”nin sədri Armen Manqasaryan danışıb.
“Talonlar iki növ olacaq:
• günəbaxan yağı almaq üçün: adambaşına 1 litr, yaş məhdudiyyəti yoxdur.
• ayda adambaşına 1 kq-dan makaron, düyü, şəkər və qarabaşaq yarması almaq üçün. Yalnız 15 gün ərzində iki dəfə: hər dəfə 0,5 kq veriləcək.
Növbələrin qarşısını almaq üçün kuponlarda məhsulların satışı üçün konkret tarix göstəriləcək. Hər bir şəxs bütün ailənin pasportlarını toplaya və bütün ailə üçün kupon ala bilər”.
Zəruri şərh:
Əslində bu, Putinin milyarder “desant”ı R.Vardanyanın absurd teatrıdır. Çünki Laçın yoluyla ərzaq gətirilməsi imkanı var. Yəni Şuşadakı Azərbaycan aksiyaçıları buna şərait yaradır. Eyni zamanda Vardanyan dünənki çıxışında Ermənistana gediş-gəliş üçün digər yolların da olduğunu etiraf edib… Sadəcə, haykların havadarlarına yenə də “əzabkeş erməni xalqı” obrazı yaratmaq gərəkdir…
Sultan Laçın