Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı 6-cı sinif və daha kiçik qızlara məktəblərdə təhsillərini davam etdirməyə icazə verib.
Bu barədə “Tolo News” telekanalı müvəqqəti Taliban hökumətinin Təhsil Nazirliyinin məktubuna istinadən məlumat yayıb.
Məktubda deyilir ki, aşağı sinif şagirdləri məktəblərdə və tədris kurslarında dərslərini bərpa edə biləcəklər. İbtidai sinifdə işləyən və dekabrın sonunda işdən qovulan müəllimlər də işə buraxılacaq. Qızlar üçün dərslərin bərpa olunmasının şərtlərindən biri də şagird və müəllimlərin şəriət qaydalarına uyğun olaraq məcburi qaydada hicab geyinməsidir.
Bundan əlavə, məktubda aşağı sinif şagirdləri üçün məktəblərin bağlanması barədə qərarın nazirliyin göstərişinə uyğun deyil, yerli hakimiyyət orqanlarının təşəbbüsü ilə qəbul edildiyi göstərilir.
“Taliban”ın özü isə hələlik bu sənədin məzmununu şərh etməyib.