“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

İngiltərənin “Çelsi” klubu və futbolçusu Joau Feliks antirekord müəyyənləşdirib.

 

“Report” xəbər verir ki, Premyer Liqanın VII turundan təxirə salınmış görüşdə “Fulhem”ə 1:2 hesablı məğlubiyyət London təmsilçisi üçün xoşagəlməz statistik göstəricilərlə yadda qalıb.

 

“Zadəganlar” 2006-cı ilin martından bəri ilk dəfə “Fulhem”ə uduzub. Son 17 ildə tərəflər arasında baş tutan 21 qarşılaşmada “Çelsi” 13 qələbə, 8 heç-heçəyə nail olub.

 

Bundan başqa, “Çelsi” bütün turnirlərdə keçirdiyi son 8 görüşün 6-da meydanı məğlub tərk etməklə, 30 illik ən pis göstəricisini təkrarlayıb. Paytaxt klubu axırıncı dəfə 1993-cü ildə bu cür uğursuz periodla diqqət çəkib.

 

“Çelsi”nin “Atletiko”dan yeni icarəyə götürdüyü Joau Feliks isə çıxdığı ilk oyunun 58-ci dəqiqəsində qırmızı vərəqə alaraq, klub tarixində debütündə meydandan qovulan ilk futbolçu olub. Portuqaliyalı, həmçinin, 9 ildən sonra İngiltərə Premyer Liqasında debüt qarşılaşmasında qırmızı vərəqə alan ilk oyunçudur. Axırıncı dəfə 2014-cü ildə “Tottenhem”in müdafiəçisi Federiko Fasio londonluların heyətində keçirdiyi birinci matçda meydandan qovulub.

 

Qeyd edək ki, “Çelsi” hazırda 25 xalla Premyer Liqada turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Mənbə

Share: