
“Düşmənimin düşməni mənim dostumdur…”
“Ukraynanın daha fəal hərbi-texniki əməkdaşlığa ehtiyacı var…”
“Raket və dronlarla bağlı ağıllı xəbərdarlıqla əlaqədar olan İsrail texnologiyalarının verilməsi üzrə iş gedir…”
“İsrail hökuməti üçün Ukraynada müharibə məsələsi prioritet məsələlərdən biridir…”
Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk İsrailin Kiyevə dəstək göstərilməsində mövqeyinin dəyişəcəyinə ümid edir.
Moderator.az xəbər verir ki, bu barədə diplomat brifinqdə bəyan edib, məlumatı “İnterfaks” agentliyi yayıb.
“Ukraynaya yardım göstərilməsi məsələsinə yenidən baxılması hələlik qəti müəyyən edilməyib. Lakin biz bu məsələnin yaxın zamanlarda bizim xeyrimizə həll edilməsi üçün bütün tədbirləri görürük”, – Korniyçuk bəyan edib.
O, həmçinin qeyd edib ki, “hər şey barəsində açıq danışmaq olmur, lakin müəyyən irəliləmələr pozitiv istiqamətdə getməkdədir”.
Səfir İsrailə humanitar yardım üçün minnətdarlığını bildirib, lakin əlavə edib ki, “bintlər və antibiotiklərlə biz muharibəni uda bilmərik”. Korniyçuk deyib ki, Ukraynanın daha fəal hərbi-texniki əməkdaşlığa ehtiyacı var. Və bu əməkdaşlıq artıq həyata keçirilir.
“Rəsmən şərh edə biləcəyimiz şeylər haqqında deyə bilərəm ki, raket və dronlarla bağlı ağıllı xəbərdarlıqla əlaqədar olan İsrail texnologiyalarının verilməsi üzrə iş gedir. Bu texnologiya rəsmən İsrail tərəfindən verilir. Və düşünürəm ki, müəyyən müddət ərzində biz onu tamamilə alacağıq”, – kiyevli diplomat bəyan edib.
Korniyçukun sözlərinə görə, hazırda bir çox lahiyələr müzakirə edilir, bunları şərh etmək olmaz. Onlardan biri İran istehsalı olan dronlarla mübarizədir. Səfirin sözlərinə görə, Tehranın müharibədə faktiki olaraq Rusiya tərəfində iştirak etməsi belə məsəli təsdiq edir: “Düşmənimin düşməni mənim dostumdur”. Diplomat hesab edir ki, belə vəziyyət İsraili Ukrayna ilə daha fəal əməkdaşlığa sövq edə bilər.
“İran dronları barəsində hər şeyin konkretləşdirilməsi üçün, düşünürəm ki, bir neçə həftə lazım gələcək. Hökumət işə yenicə başladığından qərar qəbul edilməsi üçün əsas strateji tərəfdaşı olan ABŞ-ın mövqeyini və ictimaiyyətin maraqlarını nəzərə almalıdır”, – Korniyçuk qeyd edib.
O, əlavə edib ki, İsrailin yeni kabineti qarşısında daxili siyasətlə bağlı çoxsaylı problemlər, həmçinin Fələstin məsələsi dayanıb. “Yəni Ukrayna məsələsi ilk növbədə dayanmır. Hərçənd, bunun belə olması üçün biz var qüvvəmizlə buna cəhd edəcəyik”, – diplomat əlavə edib.
Korniyçuk əlavə edib ki, İsrail XİN rəhbəri onu əmin edib ki, Ukraynada müharibə məsələsi prioritet məsələlərdən biridir.
“Nazir bəyan edib ki, o, Ukraynaya daha çox yardım göstərilməsinə kömək edəcək, amma hansı yardımdan söhbət getdiyini konkretləşdirməyib”, – Korniyçuk deyib.