“Səhər” kanalı Moderator.az-ın yazısından əl-ayağa düşdü… Amma üzr istəmək yerinə…

“Əvvəla,  güneyli soydaşlarımız, doğrudan da, dedikləri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət bəsləyirsə, belə həssas məqamda bu cür qərəzli mövqeli qonaqları studiyalarına dəvət etməməlidirlər…”

 

Xəbər verdiyimiz kimi, dekabrın son günlərində İran mediası növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş veriliş yayımlayıb(bax: //moderator.az/az/ekskluziv/582548/iranin-seher-telekanalindan-nvbeti-texribat-lacin-ermenistan-erazisidi-baki-ise/). Belə ki, cənubdakı müsəlman sayılan qonşumuzun  Azərbaycan türkcəsində yayımlanan “Səhər” telekanalının qonaqlarından biri Laçın ərazisini və xüsusən Qarabağla Ermənistan arasındakı Laçın “dəhlizi” deyilən məkanı Ermənistan ərazisi adlandırıb. Həmin fitnəkar və üzdəniraq  “müsəlman”, azərbaycanlı(?)  “ekspert” hətta ermənilərin Bakının “Böyük Ermənistan” a aid etməyə haqları olduğunu da iddia edib… 

 

Bu günlərdə “Səhər” telekanalı  Moderator.az-ın bəhs edilən yazısına ciddi reaksiya verib.

 

Sözügedən verilişin aparıcısı bildirir ki, qonağının Laçın “dəhlizi”ni və bütövlükdə Laçın rayonu ərazisinin Ermənistana aid olmasına aid söylədiklərini təkzib edib…

 

Əvvəla, “Səhər”də çalışan güneyli soydaşlarımız, o cümlədən həmin aparıcı, doğrudan da dedikləri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət bəsləyirlərsə, Ermənistan və Rusiya ilə siyasi-ideoloji qarşıdurmamızın belə  həssas məqamında bu cür qərəzli mövqeli qonaqları studiyalarına dəvət etməməlidirlər…

 

İkincisi də, göründüyü kimi,  aparıcı qonağını dərhal ciddi şəkildə dayandırıb Laçın haqdakı söylədiklərini hiddətlə, təəccüblə  təkzib etmir. Bunun əvəzində hələ ona sual verir: “Üzr istəyirəm, Laçın Ermənistan torpağıdır?” Qonaq da cavab verir ki, bəli, Ermənistan torpağıdır. Yalnız bundan sonra aparıcı Laçının Azərbaycan torpağı olduğunu və üçtərəfli bəyanat əsasında Azərbaycana qaytarıldığını bildirir. Daha açıq şəkildə bildirmir ki, siz nə danışırsınız,  1988-ci ildən bəri işğal olunmuş digər ərazilər kimi, Laçın rayonu da tarixən və beynəlxalq hüquqla, BMT-nin və dünya ölkələrinin tanıdığı sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazisidir. Beləliklə, bu gerçək məsələ kölgədə qalır və “Səhər”in qonağının təxribatı baş tutur: “Laçın Ermənistan ərazisidir” “bombası”  İran efirində “partlayır”. Bunun da əsasında ermənilər öz medialarında və sosial şəbəkələrdə həvəslə yayırlar ki, İranın Azərbaycan türkcəsində yayımlanan kanalı Laçını Ermənistan ərazisi kimi tanıyır. Üstəlik, Azərbaycan türkü(?) olan aparıcı qonağın Bakının “Böyük Ermənistan”a daxil olması barədə cəfənginə heç bir reaksiya vermir…

 

Üçüncüsü, “Səhər”in aparıcısı işğalçı xislətli ermənilərin və onların Rusiyadakı havadarlarının dəyirmanına su tökən bu epizoda görə quzeyli soydaşlarından və Azərbaycan dövlətindən üzr istəməlidir…

 

Sultan Laçın

 

Mənbə

Share: