Mərhum professorun əsərlərinin xaricdi dillərdə nəşrinə ciddi ehtiyac var
Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı ortaya qoyduğu əzm, bu istiqamətdə həyata keçirilən mühüm addımlar cəmiyyətdə böyük coşğu və məmnunluqla qarşılanmaqdadır. Bu addımlardan biri kimi AMEA-da Qərbi Azərbaycanla bağlı üç şöbənin yaradılması xüsusi əhəmiyyət kəsb edir. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi təşkil olunub ki, məqsəd Qərbi Azərbaycanın tarixini, ədəbiyyatını, toponimləri ətraflı şəkildə öyrənmək, Qərbi Azərbaycanla bağlı elmi həqiqətlərin təbliğinə töhfə verməkdir.
AMEA-da Qərbi Azərbaycanla bağlı şöbələrin yaradılması tarixi torpaqlarımızla bağlı bütün məlumatların ümumiləşdirilməsinə, bu məlumatların fundamental tədqiqinə, yeni elmi faktların üzə çıxaırlmasına mühüm töhfə verəcəyi şübhəsizdir. Təbii ki, bu zaman Qərbi Azərbaycanla bağlı ciddi tədqiqatlar ortaya qoyan, bu ərazilərin tarixi, ədəbiyyatı, toponimləri ilə bağlı mühüm əsərlər yazan ziyalılarımızın məqalələrindən, qoyub getdiyi irsdən də maksimum istifadə edilməlidir.
Əsərlərinin hər sətrində Qərbi Azərbaycan sevgisi duyulan böyük alim
Qərbi Azərbaycanla bağlı xalqımıza zəngin irs qoyan, bu ərazilərin tarixi, toponimləri ilə yanaşı, ermənilərin bu torpaqlada məskunlaşan soydaşlarımıza qarşı törətdiyi soyqırımları, amansız işgəncələrlə bağlı qiymətli məqalələr ortaya qoyan belə ziyalılardan biri də mərhum professor, Əməkdar elm xadimi, dilçi-türkoloq Həsən Mirzəyevdir. Qərbi Azərbaycanda anadan olan və bütün elmi fəaliyyəti dönəmində bu bölgənin tarixi, ədəbiyyatı, toponimləri ilə bağlı bir-birindən dəyərli əsərlər ortaya qoyan Həsən Mirzəyev, ermənilərin xalqımıza qarşı qətliyamlarını və deportyasiya siyasətini də qətiyyətlə ifşa etmişdir. Həsən Mirzəyevin “Qərbi Azərbaycanın Dərələyəz mahalı”, “Dərələyəz folkloru”, “Azərbaycan toponimləri və şivə sözləri” əsərlərində Qərbi Azərbaycanla bağlı unikal məlumatlar yer alır. Həsən Mirzəyevin “Dərələyəz folkloru” əsərində Qərbi Azərbaycanda ərsəyə gələn zəngin folklor nümunələri, şeirlər, qoşmalar, əfsanələr və s. küll halında öz əksini tapır. Bu əsərdə Qərbi Azərbaycandan olan böyük söz ustadlarımızla yanaşı, görkəmli ağsaqqallarımız, onların qoyub getdiyi zəng irs haqqında da ətraflı məlumat almaq mümkündür. Ümumiyyətlə, Həsən Mirzəyevin əsərlərinin hər sətrində Qərbi Azərbaycan sevgisini hiss etməmək, bu sevgini görməmək mümkün deyil.
Həsən Mirzəyevin “Müstəqillik uğrunda mübarizə yollarında” əsərində isə ermənilərin xalqımıza, o cümlədən Qəbi Azərbaycandakı soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər, o cümlədən erməni faşizminə havadarlıq edən qüvvələrin bədnam əməlləri ifşa edilmiş, bu əməllər konkret faktlarla oxucuların diqqətinə çatdırılmışdır.
“Ermənilər Qərbi Azərbaycanda insanları məscidlərə yığıb yandırırdı”
Mərhum profesorun əsərləri ilə yanaşı, parlamentdəki çıxışları, səsləndirdiyi məruzələr də Qərbi Azərbaycan tarixinin öyrənilməsi, habelə erməni cinayətlərinin ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Həsən Mirzəyev məqalələrində olduğu kimi, parlamentdəki çıxışlaırnda da Qərbi Azərbaycan tarixi ilə bağlı maraqlı faktlara diqqət çəkir, ermənilərin tarixin müxtəlif dövrlərində bu torpaqlardakı soydaşlarımıza qarşı həyata keçirdiyi amansız soyqırımlarından bəhs edirdi. Onun 18 fevral 2000-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində uydurma “erməni soyqırımı”nın müzakirəsi zamanı parlamentdəki çıxışı bu baxımdan xüsusilə əhəmiyyətlidir. Həsən Mirzəyevin məlum çıxışında ermənilərin Qərbi Azərbaycanda törətdiyi cinayətləri ifşa edir, habelə Fransa və digər ermənipərəst qüvvələri bu cinayətləri görməyə səsləyirdi. Professor 18 fevral 2000-ci il tarixli çıxışında deyir: “1905-1907-ci illərdə Dərələyəzdə bir kənddə – Hors kəndində 600 nəfəri yandırmışdılar. 1918-ci ildə bir kənddə – Amağu kəndində 300 nəfərdən artıq kişini qayadan atmışdılar. 400-dən artıq kişini, qadını, qocanı, uşağı dama, məscidə yığıb yandırmışdılar. İndi bu saat da onların – yandırılanların sümükləri oradadır. Fransızlar öz nümayəndələrini göndərsələr, oranı qazdırıb onların sümüklərini görə bilərlər.
1919-cu ildə ermənilər Kəlbəcərdəki Qanlı Dərədə yüzlərlə azərbaycanlını soyqırımına məruz qoydular. Göyçədə, Zəngəzurda nə qədər adamı doğrayıb quyuya tökdülər. 1918-ci ildə Şamaxıda, Bakıda, Qubada saya-hesaba gəlməyən qədər azərbaycanlını öldürdülər. 1948-1953-cü illərdə 200 min azərbaycanlını zorla Azərbaycana köçürdülər. Onların hamısı Muğan çölündə soyqırımına məruz qaldı. İqlimə uyğunlaşa bilməyib qırıldılar”.
Göründüyü kimi, Həsən Mirzəyev hələ bir neçə on il bundan öncə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı ciddi məsələlər qaldırır, bu torpaqlarda törədilən erməni vəhşiliklərinə diqqət çəkməyə çalışırdı.
Həsən Mirzəyevin Qərbi Azərbaycanla bağlı əsərləri xarici dillərə tərcümə edilərək nəşr olunmalıdır
Həsən Mirzəyevin müəllifi oluğu əsərlərin yenidən nəşr edilməsi gənc nəslin Qərbi Azərbaycanla bağlı həqiqətlərlə bağlı ətraflı məlumat alması baxımından son dərəcə faydalı olar. Bununla yanaşı, həmin əsərlərin müxtəlif xarici dillərə tərcümə edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünya xalqlarını Azərbaycanın bu torpaqların tarixi sahibi olduğu həqiqətinə inandırmaq baxımından da mühüm əhəmiyyətə malikdir. Bu, ermənilərin Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı törətdiyi soyqırımlarının beynəlxalq miqyasda ifşası baxımından da mühüm addım olar.
Seymur ƏLİYEV