Rusiya-Ukrayna savaşının GEDİŞATI: “Brüsseldə oturub planları işləyirlər, sadəcə…”

“NATO-nun Ukraynada silahı qədər mütəxəssisləri də iştirak edəcək”.

Bunu Rusiya-Ukrayna müharibəsinin nəticəsinə NATO-nun təsirini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

 

 

Şair Ramaldanov bildirib ki, Ukrayna rəhbərliyinin yalnız silah istəmək funksiyası var, yerdə qalan bütün məsələləri Qərb həll edir:

“NATO-nun Ukrayna müharibəsində iştirakı açıq-aydın görünür. NATO həmişə deyirdi ki, münaqişəyə sadəcə dəstək göstərir. Əvvəl dolayı dəstək var idi. NATO əvvəl Sovet istehsalı olan texnikanı Ukraynaya göndərirdi və deyirdilər ki, NATO silahı və texnikası orada iştirak etmir. NATO artıq verdiyi vədlərə və qarşıya qoyulan məqsədə nail olmaq üçün üçün öz texnikasını da göndərməyə başlayıb. Ukrayna hazırda ərazi baxımından döyüş meydanıdır. Orada Ukraynanın nə siyasi, nə də hərbi rəhbərliyi böyük bir rol oynayır. Ukrayna rəhbərliyinin silah istəməkdan başqa rolu yoxdur. Bütün qərarları dəstək olan qüvvələr qəbul edir. Bütün kəşfiyyat məlumatlarını onlar verirlər. Hətta mənə elə gəlir ki, döyüş planlamasında da onlar iştirak edir. Bu gün artıq texnika da onlarındır. NATO ölkələri Ukraynaya ağır texnikalar göndərir. İnanmıram ki, orada onların mütəxəssisləri olmasın. Texnikaya yiyələnmək üçün uzun müddət lazımdır. Deyirlər ki, ukraynalılar gedib hardasa təlim keçirlər. Mənə elə gəlir ki, NATO özünün iştirakını gizlətmək üçün ukraynalıların hardasa təlim keçməsi ilə bağlı məlumat verir.

NATO ölkələri istehsal etdikləri silahların dünyada imicini saxlamaqda maraqlıdır. Müharibə qurtaracaq. Müharibədə silahlar özlərini pis tərəfdən göstərsə, bu, antireklamdır. Müharibə həm reklamdır, həm də antireklam. Qarabağ savaşında “Bayraktar”lara dünyada necə təlabat oldu, hamımız gördük. Bu da Qarabağ savaşında “Bayraktar”ların reklama uyğun nəticə verməsinin göstərcəsidir. NATO ölkələri istəmir ki, onların istehsal etdikləri texnikalar, silahlar antireklam qazansın. Ona görə də texnikanı verəndə onları idarə edən əsas aparıcı mütəxəsislər öz nümayəndələri olacaq.

Azərbaycan Qənimətlər Parkı yaradanda Rusiya Azərbaycana qarşı problem yaratmaq istəyirdi. İkinci Qarabağ savaşından sonra Rusiyanın silah bazarına müəyyən şəkildə sifarişlər azaldı. Bu faktoru nəzərə alsaq, NATO-nun Ukraynada silahı qədər mütəxəssisləri də iştirak edəcək.

Düşünürəm ki, münaqişəni hazırlayan NATO-dur. Rusiya ilə bir qarşıdurmaya gedəcəkdilər. Meydan kimi Ukrayna qurban olub. Rusiya üçün də Ukrayna sərf edir. Biri var, öz ərazisində müharibə olsun, biri də var başqa bir ölkənin ərazisində müharibə getsin.

Ukraynada NATO-nun hər şeyi var, tək rəhbərliyi Kiyevdə oturmur. Brüsseldə oturub planları işləyirlər, sadəcə Ukraynada tətbiq olunur. Müasir müharibə həm də budur. İki güc mərkəzi güclərini başqa bir ölkədə sınayır. Nəticədə müəyyən siyasi qərara gəlirlər. Hər iki tərəf də bunu bilir və belə davranırlar”.(yeniçağ)

Mənbə

Share: