İranda “Qadın, həyat, azadlıq!” şüarı ilə etiraz aksiyaları davam edir. Etirazçıları ləkələyən, qətlə yetirən, onların haqlı tələblərinə məhəl qoymayan, aksiyaçılara zor tətbiq edən Tehran hakimiyyəti ölkənin ictimai-siyasi səhnəsinin o biri üzündə özünü təriflətdirmək, humanist göstərmək üçün yanvarın 20-də Tehranda “Nüfuzlu Qadınların I Beynəlxalq Konqresi”ni keçirib.
Əslində, İranda yanvarın 20-nin Azərbaycan Respublikası üçün faciəli gün olduğunu bilirlər. Belə bir gündə Tehranda tədbir keçirib, oraya Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanı dəvət ediblər. Tehran rejimi 2019-cu ildə Nikol Paşinyanın “Qarabağ Ermənistandır” şüarını söyləməsinə şərait yaratdığı kimi, Anna Akopyanın da Azərbaycana qarşı çıxışını təşkil edib. O da yalan, saxta və böhtanla dolu açıqlama verib. A.Akopyan Azərbaycanın torpaqlarını Ermənistanın və havadarlarının işğalından təmizləməsi üçün apardığı Vətən müharibəsinin “azadlıq, demokratiya və sülhə” qarşı olduğunu iddia edib. Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində Vardanyan soyadlı atılmış erməni milyarderin və onun yardımçılarının ekoloji terrorla məşğul olmasına rəğmən, Anna utanmadan və həyasızcasına İran ictimaiyyətinə və konqresə toplaşanlara həmin ərazidə guya “120 min erməninin (?! – red.) mühasirədə (!? – red.) qaldığı”nı, onların “sülh istədikləri”ni deyib. Bundan başqa, Ermənistan baş nazirinin arvadı Tehrana səfəri ilə İranda “Qadın, həyat, azadlıq!” şüarı ilə çıxış edən həmcinslərinə sayğısızlıq göstərib. Bu həm də “demokratiya, azadlıq, sülh”dən dəm vuran rəsmi İrəvanın və Ermənistanın İrandakı etirazlara münasibətidir. Rəsmi İrəvan bununla Tehran hakimiyyətinin etirazçılara təzyiqlərini, işgəncələri, edamları dəstəkləyib.
Eyni zamanda Paşinyanın arvadı çıxışında Ermənistanı sülhsevər və humanist dövlət kimi də təqdim etməyə çalışıb. O, guya müharibəni Azərbaycanın başlatdığını və Ermənistanı hərbi münaqişəyə cəlb etdiyini deməkdən belə, utanmayıb. Ermənistanın işğal müddətində Azərbaycan torpaqlarında etdiyi talanı, dağıtdığı tarixi, mədəni, dini abidələri, ərazilərin minalanmasını unudan Akopyan konqres iştirakçılarına yalan danışıb, saxta məlumatlar verib.
Görünür, İran hakimiyyəti Anna Akopyanı bu tədbirə Azərbaycana qarşı çıxış etmək üçün dəvət edib. İran hakimiyyəti, elə bil, Ermənistandan gələcək qonaqlar üçün darıxıbmış. Tədbirə 300 xarici qonaq, o cümlədən nazirlər, vitse-prezidentlər və millət vəkilləri də daxil olmaqla 70 qadın məmur qatılıb. Ancaq İran prezidentinin xanımı Cəmilə Sadat Aləmülxoda və qızı Reyhanə Rəisi, İran prezidentinin ailə və qadın məsələləri üzrə müavini Ensiyə Xəzəli Akopyana xüsusi diqqət ayırıblar, onu müşayiət ediblər. Prezidentin xanımı və qızı Paşinyanın həyat yoldaşını Quma, Fatimeyi-Məsumənin türbəsinə də aparıblar. Qeyd edək ki, Fatimə binti Musa əl-Kazım (Fatimə Məsumə) İmam Musa əl-Kazım və Nəcmə Xatunun qızıdır. Onun türbəsi, Fatimeyi-Məsumə türbəsi İranın Qum şəhərindədir.
Bu arada Cəmilə Sadat Aləmülxoda ilə Anna Akopyan arasında təkbətək görüş olub. Onlar bu konqresin Ermənistanda keçirilməsi barədə razılığa gəliblər. Yeri gəlmişkən, Cəmilə Aləmülxoda saxta çıxışı ilə Akopyandan heç də geri qalmayıb. Məlumdur ki, İran hakimiyyəti panfarsçılıq siyasi ideologiyası əsasında dini, etnik ayrı-seçkilik edir. Ancaq İbrahim Rəisinin xanımı bu tədbirin əsas hədəflərindən birinin diskriminasiyaya qarşı mübarizə olduğunu deyib. Anna İran rəsmilərinin və qeyri-rəsmi nümayəndələrinin onu çox səmimi qarşılamasını da etiraf edərək Ermənistana belə isti münasibətə heyran olduğunu bildirib.
Bu tədbirə Ermənistanın səhiyyə naziri Anait Avanesyan da qatılıb. Cəmilə Sadat Aləmülxoda onunla xüsusi söhbət edib. İranın səhiyyə naziri Bəhram Eynullahi də Anait Avanesyanla görüşüb. Tərəflər iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Ermənistan rəsmisi İranla orqan transplantasiyası və onkoloji xəstələrin müalicəsi ilə bağlı əməkdaşlığı genişləndirməyə hazır olduqlarını vurğulayıb. Nazirlər farmakoloji sahədə də əməkdaşlıq edə biləcəklərini bildiriblər. Eynullahi Ermənistana yardım etməyə hazır olduqlarını söyləyib.
Deməli, ölkədə müəllimlərin əməkhaqqını verə bilməyən, Güney Azərbaycanın Xoy şəhərində bir neçə gün öncə baş verən zəlzələdən ziyan çəkənlərə baş çəkməyən, onlara heç bir humanitar yardım etməyən Tehran rejimi Anna Akopyan və Anait Avanesyanın da İrana səfərini maliyyələşdirib. Onlar İranda çox səmimi qarşılansalar da, ölkədəki erməni diasporunun qadın nümayəndələri İrəvandan gələn qonaqlarla görüşməkdən imtina ediblər. Erməni jurnalist Nairi Oxikyanın yazdığına görə, diaspor nümayəndələri onu “satqın” adlandırıblar. Hətta Tehranda erməni kilsələrində də Anna Akopyanın ruhanilərlə görüşmək, xeyir-dua almaq imkanı olmayıb. Onlar bildiriblər ki, Allah evinin qapıları şeytanın bəndələrinin üzünə bağlıdır. Üç il üç ay əvvəl İran hakimiyyətinin və erməni diasporunun təmtəraqla qarşıladığı və Azərbaycana qarşı çıxışına şərait yaratdığı Nikol Paşinyanın arvadına bu etnosun nümayəndələri arxa çeviriblər. Belə görünür, İran hakimiyyəti Anna Akopyan və başqa ermənilər vasitəsilə Azərbaycana qarşı təbliğat kampaniyası aparır.
Yeri gəlmişkən, İranın rəsmi dövlət televiziyası, “2-ci kanal”ı yeni “mütəxəssis” tapıb. Janna Vardanyan adlı bu “ekspert” indiyədək Azərbaycana qarşı bütün çıxışları bu kanal vasitəsilə edir. Sanki İran rejimi Azərbaycana qarşı bütün hikkə və nifrətini Janna vasitəsilə yayır. Ona görə də Janna Vardanyan telekanaldakı çıxışında “Qarabağın Ermənistanın ayrılmaz hissəsi” olduğunu bildirir. Ancaq Annaların, Anahitlərin, Jannaların və daha hansı erməninin Azərbaycana qarşı çıxışlarına Tehran rejimi imkan yaratdığı halda İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian yanvarın 24-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə bildirib ki, ölkəsi daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir.
Beləliklə, bütün bunlar bir daha İran hakimiyyətinin Azərbaycana qarşı əvvəlki, müharibə dövründə və ondan sonra nümayiş etdirdiyi mövqeyi dəyişməyib. Tehran rejimi bu dəfə Anna Akopyanın arxasında gizlənərək Azərbaycanı hədəf göstərməyə səy göstərib. Elə Ermənistan da ikiüzlülüyə görə İran rəsmilərindən geri qalmır. Rəsmi İrəvanın əli Moskvanın ətəyində, gözü Avropada, üzü isə Tehranda qalıb. Bu mövqedə olan Ermənistanı İran hakimiyyəti özünə arxa seçir, ondan Azərbaycan və regiona qarşı istifadə etməyə çalışır. Onların bu münasibəti “axsaq atın nalbəndi”nə oxşayır. Ona görə də Tehran və İrəvanın Azərbaycana olan kor düşmənçilikləri reallığı görmələrinə mane olur…
Nəhayət, bu dəfə İranın yardımına Anna da çata bilməyəcək. Furmanovun Annası Çapayevi tək qoyduğu kimi, Paşinyanın da Akopyanı Tehran rejiminin olmayacaq.
“Report” İnformasiya Agentliyi