Qənirə Paşayeva bir qrup mədəniyyət işçisi ilə görüşüb və fikir mübadiləsi aparıb

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisdə 2023-cü ilin ilk vətəndaş qəbulu günü filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-ssenarist Firudin Qurbansoy, Əməkdar artist Rəna Talıbova, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının “Qardaş Məktəb” layihəsinin ideya müəllifi Günay Zebic (Mehdizadə), aktrisa Sevil Abbasova, yazıçı-publisist Yusif Osmanlı, Əfsər Cavanşirov adına “Bənövşə” Uşaq xorunun bədii rəhbəri Zülfiyyə İbrahimova, Azərbaycan Dövlət Uşaq Filarmoniyası uşaq xalq çalğı alətləri ansamblının bədii rəhbəri Qönçə Mehdiyeva, xanəndə Nizami Məmmədov, Biləsuvar Uşaq İncəsənət məkətbinin əməkdaşı, rəssam Saleh Mürsəlov, “Tarixi abidələrin qorunması” İB-nin Təşkilat komitəsinin sədri Kərəm Nəbiyev, mədəniyyət işçisi Turanə Orucova və musiqi müəlliməsi Səba Nağıyeva ilə görüşüb.

Görüş iştirakçısı olan aydınlarla, onların ictimai və yaradıcı fəaliyyət yenilikləri, yenicə başa çatmış 2022-ci il – “Şuşa İli”ndə həyata keçirdikləri və birinci ayında olduğumuz 2023-cü il – “Heydər Əliyev İli”ndə həyata keçirməyi planlaşdırdıqları ictimai-mədəni və yaradıcı fəaliyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb. Q.Paşayeva 2020-ci ildəki 44 günlük müharibədə qazanılmış tarixi Zəfərimizin mədəniyyət ocaqlarında, müxtəlif sənət sahələrində, bir sözlə, yaradıcılıq müstəvisində layiqli inkası, mədəniyyət işçilərinin üzərinə düşən mənəvi məsuliyyət barədə filirlərini bölüşüb.

 

MM Mədəniyyət Komitəsinin sədri görüş iştirakçılarının ictimai-mədəni, sənət həyatında, yaradıcılıqda uğurları və planları ilə yaxından tanış olub, qayğılarını öyrənib, onlara yeni uğurlar diləyib.

Mənbə

Share: