
“Moskva isə Dövlət Departamentinə inanmır…”
“Rusiya qoşunları Ukrayna ərazisini tamamilə tərk etməlidir…”
“Dialoqa hazirlıq bəyanatı ilə eyni zamanda Ukraynaya “Adams” tanklarının göndərilməsini elan etmək qeyri-ardıcıllıqdır…”
“Sakinlərinin özlərinin referendumlarda Rusiyanın tərkibinə daxil olmaq istəyən ərazilərin qaytarılması müzakirə edilmir…”
Ağ ev Rusiyaya güzəştə getməyə və sanksiyaları yumşaltmağa hazırdır, bir şərtlə ki, Rusiya qoşunları Ukrayna ərazisini tamamilə tərk etsin.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland xarici işlər komitəsində Rusiya təcavüzünə müqavimətə həsr edilən dinləmələrdə çıxış edərkən bəyan edib.
Nulandın sözlərinə görə, əgər Rusiyanın sülh danışıqlarını aparmağa ciddi niyyəti varsa, zəbt etdiyi əraziləri qaytararsa, o, təbii ki, Rusiyanın üzərindən bəzi məhdudiyyətlərin götürülməsinə dəstək verəcək.
“Hesab edirəm ki, Dövlət katibi Blinken də dəstək verəcək”, – o, deyib.
Rusiya Nulandın bu sözlərini danışıqlara dəvət kimi dəyərləndirib və Stanislavskisayağı münasibət bildirib.
“Düşünürəm ki, kimsə, çətin ki, bu çağırışlara ciddi yanaşa bilsin”, – Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bəyan edib.
Onun sözlərinə görə, “dialoqa hazırlıq barədə” danışaraq, eyni zamanda Ukraynaya “Abrams” tanklarının göndərilməsini elan etmək qeyri-ardıcıllıqdır.
“Bizim rəhbərlərimizin, həm prezident, həm nazir Lavrovun bəyan etdiyi kimi, biz ciddi danışıqlara hazırıq, amma gizli niyyət olmamaq şərtilə. Lakin mən şəxsən burada, Vyanadayam, biz danışıqları görürük, Nulandın indi göndərdiyi siqnalları burada mən eşitmirəm”, – o, deyib.
Bundan öncə ABŞ Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyanın hüquqi və fiziki şəxslərini – baş nazirin müavini, sənaye-ticarət naziri Denis Manturov, Cəzaların İcrası üzrə Federal Xidmətinin rəhbəri Arkadi Qostev, Tatarıstanın rəhbəri Rüstəm Minnixanov, biznesmen Sergey Adonyev və “Kalaşnikov” konserninin rəhbəri Alan Luşnikovu sanksiyalar siyahısına salıb.
Məhdudiyyətlər həmçinin “Vaqner qrupu” özəl hərbi şirkətilə bağlı olan şirkətlərə qarşı da tətbiq edilib.
Ümumilikdə, müharibə müddətində Rusiyaya qarşı həm ABŞ, həm də Avropa İttifaqı tərəfindən misli görünməmiş sayda sanksiyalar tətbiq edilib.
İqtisadçıların dəyərləndirməsinə görə, bütün bu məhdudiyyətlər ölkəni onilliklərlə geriyə atacaq.
Qeyd edək ki, Kreml dəfələrlə bəyan edib ki, sakinlərinin özlərinin referendumlarda Rusiyanın tərkininə daxil olmaq istəyən “ərazilərin qaytarılması” məsələsi müzakirə edilmir, Kiyevə silah tədarük etməyi davam edən ABŞ və NATO-nun hərəkətləri isə vəziyyəti daha da pisləşdirir.