Rusiyadan Azərbaycana dəstək, İrana qəti etiraz: düşmən kimdir?

Rusiyadan Azərbaycana dəstək, İrana qəti etiraz: düşmən kimdir?

27 yanvar tarixində İrandakı səfirliyimizə xain hücum və hadisə ətrafında yaranan ziddiyyətlər ciddi müzakirələrə səbəb olub. İran tərəfi Azərbaycan səfirliyinə hücumun şəxsi zəmində olduğunu bildirsə də, Bakı Tehranın iddialarını tamamilə rədd edib və hadisənin terror aktı olduğunu açıqlayıb.

 

Beynəlxalq ictimaiyyət də səfirliyə hücumu pisləyərək, hadisəni terror kimi qiymətləndirib. Hətta bir çox ekspertlər diplomatik korpusa hücumda İran hakimiyyətinin əli olduğunu düşünür.

 

Bəs, hadisə ilə bağlı qonşu Rusiya tərəfinin mövqeyi necədir? 

 

Terrorda İran hakimiyyətinin əli var…

 

Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Modern.az-a açıqlamasında bildirib ki, səfirliyə hücum birmənalı şəkildə terror aktıdır və məsuliyyət İranın üzərindədir:

 

“Diplomatik korpusa hücum Azərbaycana yönələn əməldir. Bu silahlı hücumda İran hakimiyyətinin əli var. Son zamamlar İranın Azərbaycana qarşı gizli çıxışlarını görürdük, bu da aydın nümunə oldu. Buna görə də hadisələr İranın əlinin olduğunu bir daha sübut edir.

 

Terror aktı İran hakimiyyətinin öz ərazisində yerləşən diplomatik nümayəndəlikləri müdafiə edə bilməməsindən xəbər verir. Bu da İran hakimiyyətinin nüfuzuna ləkədir. Ümid edirəm ki, İran hadisənin tam ətraflı araşdırılmasına icazə verəcək. Əks halda günahkar hesab ediləcək. Son olaraq bildirim ki, bu hadisə İranı daha da rüsvay etdi”.

 

Azərbaycanın düşməni kimdir?

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix səfirliyə hücumun arxasında kimlərin durduğu barədə sualların olduğunu söyləyib.

 

Onun sözlərinə görə, Azərbaycana qarşı terror aktı Rusiyada şok effektiv yaradıb:

 

“Bu, Rusiya üçün böyük şokdur və terror aktı hesab edilməlidir. Buna icazə verilməməli idi. Səbəblər araşdırılmalıdır. Hücumun arxasında kim dayanır, Azərbaycanın düşməni kimdir? İran və Azərbaycanı sıxışdırmaq kimə sərf edir? Qəti cavab üçün çoxlu suallar var. Onlar barədə düşünmək lazımdır”.

 

Qeyd edək ki, yanvarın 27-də saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaşı yaralanıb. Terror aktını törədən şəxs səfirliyin mühafizə əməkdaşı tərəfindən zərərsizləşdirilib və o, İran polisi tərəfindən həbs olunub.

Mənbə

Share: