
“SSRİ Misir və Suriyaya silah tədarük edib, hər bir taborda sovet zabiti olub. Amma bunu heç kim SSRİ-nin İsrailə qarşı müharibəsi hesab etməyib…”
Kedmi Solovyova qarşı?
Kedmi rusiyalıları təəccübləndirərək Solovyovla sərt davranıb və ona “SSRİ-nin İsrailə qarşı müharibəsi”ni xatırladıb
Rusiya KİV-lərində gah hərbi ekspert, gah xüsusi xidmət orqanları sahəsində ekspert, gah da dövlətlərarası münasibətlər üzrə ekspert kimi müntəzəm olaraq çıxış edən israilli Yakov Kedmi gözlənilmədən Vladimir Solovyova opponentlik edərək Qiyamət günü müharibəsinin tarixçəsini xatırladıb.
Moderator.az xəbər verir ki, bu, “Vladimir Solovyovun gecəsi” proqramında baş verib.
Yakov Kedmi Vladimir Solovyovun belə bir iddialı bəyanatı ilə razılaşmayıb ki, Almaniya xarici işlər naziri Annalena Berbokun Berlinin Ukraynaya Polşanın silahlanmasında olan “Leopard” tanklarının tədarükünə maneçilik törətməyəcəyi barədə bəyanatı Berlinin Moskvaya qarşı birbaşa müharibə elan edilməsi kimi dəyərləndirilməlidir.
Kedmi opponentinə xatırladıb ki, onun özü dəfələrlə rusiyalı məmurları deyil, yalnız Rusiya prezidentini dinləməyə və bunun əsasında Rusiyanın siyasəti haqqında nəticəyə gəlməyə çağırış edib.
“Belə çıxır ki, əgər sizin siyasətçilər, sənin fikrincə, cəfəngiyyat danışırsa, sən alman siyasətçilərinin də cəfəngiyyatına diqqət yetirirsən? Heç kim müharibə elan etməyib.
Silah tədarükü müharibədə iştirak etmək demək deyil”, – Kedmi qəzəbini gizlətməyib
Kedmi Ukraynaya tanklar tədarükünü NATO ölkələrinin müharibədə birbaşa iştirak etməsi hesab etmir. “Sən tanklardan danışmaq istəyirsən? Sən silah tədarükündən danışırsan? Mən sənə deyim.
SSRİ Misir və Suriyaya nə qədər silah tədarük edib? Hər bir taborda sizin zabit olub. Sovet ordusunun Baş Qərargahı bu əməliyyatları planlaşdırıb. Biz bəyəm deyirdik ki, bu, sizinlə müharibədir? Xeyr! Heç vaxt bunu deməmişik!
Bu, Misirlə müharibə olub. Sovet İttifaqı isə silah tədarük edib…Heç kim bunu SSRİ-nin İsrailə qarşı müharibəsi kimi görməyib…Bir çox ölkələr kimə gəldi silah tədarük edir, amma bu, hələ müharibədə iştirak demək deyil.
Mənim mübarizə apardığım Misir ordusunun hər taborunda sovet zabiti olub. Amma bu, SSRİ ilə müharibə olmayıb. Heç kim buna SSRİ-nin İsrailə qarşı müharibəsi kimi baxmayıb”, – Kedmi bəyan edib.
Demək olar ki, bu, Yakov Kedminin Solovyovun verilişində ilk dəfə olaraq məşhur rusiyalı təbliğatçıya sərt opponentlik etməsidir.
Əvvəllər də qeyd edildiyi kimi, Kedminin Kremlyönlü fəallığı bir çoxlarında suallar doğurur.
Bəziləri əmindir ki, sabiq kəşfiyyatçı (SSRİ dönəmində “Nativ” təşkilatı kəşfiyyat fəaliyyəti ilə məşğul olan xüsusi xidmət orqanı hesab edilib) hansısa yolla Kremlə yaxın olan Rusiya qurumlarına nüfuz edə bilib.