
“Genetika ömür müddətinin təxminən 25 faizini müəyyən edir…”
Alimlər uzunömürlülüyün əsas şərtlərini açıqlayıb
İnsan ömrünün uzadılmasını öyrənən alimlər iddia edir ki, insanın 100 ildən artıq yaşamasının səbəbi onun valideynlərindən keçən DNT-sində, genlərindədir.
Moderator.az xəbər verir ki, bu barədə Avstraliyanın “WAtoday” qəzeti yazıb.
“Siz doğulanda genetik lotereyanı udmadan çox da uzağa gedə bilməzsiniz”, – ABŞ Çikaqo şəhəri İllinoys Universitetinin ictimai səhiyyə kafedrasının professoru, amerikalı sosioloq və bioherontoloq Stüart Cey Olşanski buna əmindir.
ABŞ qocalıq problemləri üzrə Milli İnstitutunun elmi rəhbəri Luidci Ferruççi izah edib ki, uzunömürlülərin övladları öz həmyaşıdlarına nisbətən, adətən, daha sağlam və daha uzun ömür sürür.
“Ehtimal ki, bu, tək gen deyil, genetik profildir, yəni genlərin kombinasiyasıdır”, – Ferruççi dəqiqləşdirib.
İsrail tədqiqatçısı doktor Nir Barzilay unikal tədqiqat aparıb. O, 10 min uzunömürlü, onların həyat yoldaşları və birgə övladlarının tibbi kitabçalarını öyrənib və uzunömürlülüyə gətirib çıxaran müxtəlif genləri müəyyən edib.
Barzilayın sözlərinə görə, uzunömürlülülərin övladları nəzarət qrupunda olan həmyaşıdlarına nisbətən “təxminən 10 il daha sağlamdır”.
“Məsələn, inkişaf hormonunun müəyyən mutasiyası olan adamlar, böyük ehtimalla, daha çox yaşayacaq, çünki onların hüceyrələri yeni hüceyrələrin inkişafına deyil, mövcud hüceyrələrə daha çox enerji sərf edir”, – Barzilay deyib.
Onun sözlərinə görə, yeni tədqiqatda genlərin axtarışında və onların əsasında dərman preparatlarının işlənib hazırlanmasında süni intellektdən istifadə edilməsi planlaşdırılır.
“Biz həqiqətən uzunğmürlülüyün bütün genlərini tapmaq istəyirik”, – Barzilay əmin edib.
Lakin ekspertlərin genetikanın insanın ömür müddətinə təsiri məsələsində fikirləri haçalanır.
Alimlərin əksəriyyəti yalnız yaxşı genlərlə uzağa getməyin mümkün olmadığına təkid edir.
Məsələn, Ueyk Forest Universitetinin herontologiya kafedrasının dosenti Ceymi Castisin tədqiqatı göstərib ki, genetika həyat müddətinin təxminən 25 faizini müəyyən edir.
Yerdə qalan 75 faizi insanın həyat tərzindən-harada yaşaması, nə ilə qidalanması, bədən tərbiyəsi ilə nə dərəcədə məşğul olması və şəxsi həyatında nə qədər xoşbəxt olmasından asılıdır.