
“Döyüşə getməkdən imtina edən “zek”ləri yeni gələnlərin gözləri qarşısında güllələyirdilər…”
“Əgər Priqojin əsl rus qəhrəmanı olsaydı, əlində silah əsgərlərlə birgə döyüşə gedərdi…”
“Tez, ya gec, Rusiyada təbliğat keçməyəcək, xalq ayağa qalxıb bütün liderləri devirəcək…”
“Vaqner qrupu” özəl hərbi şirkətinin sabiq muzdlusu Andrey Medvedev deyib ki, onu Qərbə qaçmağa Ukraynada həmkarlarının qəddarlığının şahidi olması sövq edib.
Moderator.az xəbər verir ki, bu barədə sabiq “vaqnerçi” CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, komandirlərin şəxsi heyətə münasibəti amansız olub.
“Onlar döyüşmək istəməyənləri bir yerə toplayıb yeni gələnlərin gözləri qarşısında güllələyib. Bir dəfə mən döyüşə getmək istəməyən iki məhbusun bütün dəstənin qarşısında güllələndiyini öz gözlərimlə görmüşəm. Sonra onların cəsədləri kursantların qazdığı xəndəklərdə basdırılıb”, – Medvedev danışıb.
O, qeyd edib ki, özəl hərbi şirkətin komandanlığının heç vaxt taktika və strategiyası olmayıb və bölmələr döyüşün gedişindəcə döyüş planını özləri düşünməli olub.
“Əsl taktika, ümumiyyətlə, olmayıb. Biz, sadəcə, düşmən mövqeyindən məlumatlar alırdıq…Necə davranmaq və nə etmək barədə konkret əmrlər olmayıb. Biz, sadəcə, addım-addım necə hərəkət eməyimizi, kimin güllə atacağını, hansı tapşırıqlar olacağını düşünürdük…Bu, necə baş verəcək, biz necə hərəkət edəcəyik, bunlar bizim problemimiz olub”, – sabiq muzdlu fikirlərini bölüşüb.
“Bilirsiniz, mən hər iki tərəfdən, Ukrayna və öz uşaqlarımızın igidliyinin şahidi olmuşam…Mən, sadəcə, istəyirəm ki, hamının məlumatı olsun”, – o, deyib.
Bu zaman sabiq muzdlu Yevgeni Priqojini “şeytan” adlandırıb.
“Əgər o, əsl rus qəhrəmanı olsaydı, əlində silah əsgərlərlə birgə döyüşə gedərdi”, – Medvedev deyib.
O, vurğulayıb ki, öz tarixçəsini ona görə bölüşmək istəyir ki, Priqojinin və Rusiya prezidentinin məsuliyyətə cəlb edilməsinə kömək etmək istəyir.
“Tez, ya gec, Rusiyada təbliğat keçməyəcək, xalq ayağa qalxacaq, bütün liderlər devriləcək”, – Medvedev ümid etdiyini ifadə edib və qeyd edib ki, “Vaqner qrupu” özəl hərbi şirkəti tez-tez Putinin qeyri-rəsmi dəstəsi adlandırılır.
“Vaqner qrupu”nun kamera qarşısında gürzlə qətlə yetirilən digər üzvü Yevgeni Nujinin taleyini bölüşəcəyindən ehtiyat edib-etməyəcəyi barədə suala cavabında Medvedev deyib ki, məhz Nujinin ölümü onu qaçmağa cəsarətləngirib.
“Mən deyərdim ki, Nujinin ölümü məni daha da cəsarətləndirib və qaçıb getməkdə qətiyyətli edib”, – o, deyib.
Andrey Medvedev “Vaqner qrupu” özəl hərbi şirkətinin 7-ci hücum dəstəsinin 4-cü tağımının 1-ci bölməsinin sabiq komandiri olub. Yanvarın ortalarında o, gizli surətdə Rusiyanın Norveçlə sərhəddini keçərək orada sığınacaq istəyib.