
Müdafiə naziri Aleksey Reznikov fevralın 5-də keçirdiyi mətbuat konfransında bildirib ki, Qərb Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsinin qarşısını almaq üçün tədbirlər görə bilərdi.
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, videonu Ukrayna Hərbi Televiziyası “YouTube”-da yayımlayıb.
“2021-ci ilin payızında tərəfdaşlar işğalın qaçılmaz olduğunu deyəndə biz cavab verdik: “Sanksiya rejimini işə salın və artıq bizə silah verin…”
Tərəfdaşlar dedilər: “Xeyr, ruslar hücum edəndən sonra silah verərik və sanksiyalar tətbiq edərik”.
Bizə hücum etdilər, bundan sonra yavaş-yavaş bizə silah verməyə, tədricən sanksiyalar tətbiq etməyə başladılar. Təbii ki, zənnimcə, hər dəfə bu qərarlar gec verilir”, – deyə nazir bildirib.
Reznikov, onun fikrincə, prinsipcə müharibənin qarşısını ala biləcək addımları sadalayıb.
“”Şimal axını-2″ dayandırılsaydı, “SWIFT” sisteminə giriş kəsilsəydi, Rusiya gəmilərinin beynəlxalq limanlara girişi qadağan edilsəydi, Avropa rusların qazını almağı dayandırsaydı(bunu onsuz da müharibə nəticəsində etdi), Rusiya oliqarxlarının aktivləri bloklansaydı, bu müharibənin qarşısını almaq olardı”, – deyə Ukrayna rəsmisi vurğulayıb.
Sultan Laçın