Yəməndə 460 min nəfər vəba xəstəliyinə düçar olub

Silahlı münaqişənin davam etdiyi, aclıq və səfalətin hökm sürdüyü Yəməndə 2019-cu ilin 6 ayı ərzində 460 min nəfər vəba xəstəliyinə düçar olub.

Milletinsesi.az BMT-nin hesabatına istinadən xəbər verir ki, bu rəqəm ötən ilin bütün ayları ərzində qeydə alınandan 80 min nəfər çoxdur. Təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında BMT Baş katibinin mətbuat katibi Stefan Dyujarrik jurnalistlərə bildirib ki, vəbaya yoluxanların 200 mindən çoxu azyaşlılardır. Onun sözlərinə görə, infeksiyanın sürətlə yayılması bu yaxınlarda ölkədə baş vermiş daşqınlar, məişət tullantılarının yığılması və utilizasiyasında ciddi axsamalar, içməli su qıtlığıdır. Bundan başqa, kənd təsərrüfatında suvarma suları da çatışmır ki, bu da Yəməndə ərzaq qıtlığına səbəb olub.

Mətbuat katibi qeyd edib ki, BMT və onun tərəfdaşları Yəməndə vəba xəstəliyinin müalicəsi üçün 1200 mərkəzin fəaliyyətini dəstəkləyirlər. Lakin bütün xəstələrə tibbi yardım göstərilməsinə yetərincə vəsait yoxdur.

Silahlı münaqişənin davam etdiyi Yəməndə 20 milyondan çox insan humanitar yardıma möhtacdır. Bu məqsədlə beynəlxalq humanitar təşkilatlara 4,2 milyard dollar lazımdır. Bugünədək donor ölkələrdən bu məbləğin cəmi 32 faizi toplanıb.

Share: